"Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib

"Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib
# 19 aprel 2016 15:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün “Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, fəal gənclər, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və KİV təmsilçiləri iştirak ediblər. İştirakçıların özlərini məktəbdə hiss etmələri üçün tədbirin keçirildiyi məkan proqramın mahiyyətinə uyğun olaraq, “sinif otağı” konseptində hazırlanıb. Tədbirdə iştirakçılara şagirdlərin daha çox öyrənmək istəyini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “Azərbaycan üçün öyrət” ( www.facebook.com/tfa.az ; elektron poçt: [email protected] ) yeni təhsil proqramının təqdimatı keçirilib, proqramın məqsədi, vəzifələri və proqramda iştirak imkanlarını əks etdirən videoçarx izlənilib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, "Azərbaycan üçün öyrət” təhsil proqramı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Onun sözlərinə görə, proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin, şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir. Nazir qeyd edib ki, proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edəcək. Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, şagirdlərin bilik səviyyəsinin artırılması və məktəbin akademik göstəricilərinin yüksəldilməsi imkanı qazanmaq mümkün olacaq.

"Biz hər zaman qeyd edirik ki, təhsil sisteminin gücü müəllimlərin gücü ilə ölçülür. "Azərbayvan üçün öyrət" layihəsi təhsil sistemi üçün çox gözəl imkandır ki, mövcud ənənələrə və təhsildə mövcud potensialın artırılması üçün hər kəs töhfə verə, pozitiv addım ata verə bilsin".

Tədbirdə daha sonra çıxış edənlər proqramın uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonda Təhsil Nazirliyi və “Kapital Bank” arasında proqramla bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR