Metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxs özünü təqsirli bilmir

Metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxs özünü təqsirli bilmir
# 05 oktyabr 2016 13:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror ittiham aktını elan edib.

F. İsmayılov elan olunan ittihamla özünü təqsirli bilməyib: "Mən telefonda deməmişəm ki, metroya bomba yerləşdirirəm. Polisə zəng edərək, xəstəxanın nömrəsini istəmişəm. Oradan da mənə dedilər ki, 104 xidmətinə zəng vurmalıyam".

Sonra prosesdə şahidlər ifadə verib.

Polis kapitanı Arzu Tağıyev ifadəsində deyib ki, onlara Fəqani İsmayılov tərəfindən metro stansiyasına bomba qoyulacağı barədə məlumat daxil olub: "Abşeron rayon Polis Şöbəsinin əməkdaşları hadisəni araşdırdılar və sonra bu şəxsi həbs etdilər".

Digər polis əməkdaşı Zöhrab Səlimov ifadəsində həmkarının dediklərini təsdiqləyib.

Sonra təqsirləndirilən şəxsin 102 xidməti ilə telefon əlaqəsinin səs protokolu elan olunub. Həmin vaxt F. İsmayılovun sərxoş vəziyyətdə olduğu bildirilib.

Məhkəmə prosesi oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR