Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümumrespublika müşavirəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümumrespublika müşavirəsi keçirilib
# 26 iyul 2016 11:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili, onların özünüməşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, məşğulluq orqanlarının iştirakı ilə keçən tədbirdə nazir Səlim Müslümov cari ilin ilk yarımilində iqtisadiyyatın qeyri-neft sektorunda artımın əldə edildiyini, qeyri-neft sənayesində 2,4%, kənd təsərrüfatında 3,1% artımın qeydə alındığını, ölkə iqtisadiyyatına 6,3 mlrd. dollar sərmayə qoyulduğunu, əhalinin gəlirlərinin də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxaldığını diqqətə çatdırıb.

S. Müslümov bildirib ki, ölkədə aparılan sosial-iqtisadi siyasətdə əmək resurslarından səmərəli istifadənin təmin edilməsi, əmək bazarının inkişafı əsas prioritetlərdən biridir. Son 12 ildə 1,5 milyondan çox yeni iş yerinin açılması əmək bazarında sabitliyə, işsizliyin 5%-ə qədər azalmasına imkan yaradıb: “Cari ildə də bu istiqamətdə mühüm addımlar atılır. Dövlət başçısının əhalinin məşğulluq imkanlarının artırılması, yeni iş yerlərinin yaradılması ilə bağlı irəli sürdüyü sosial məsuliyyət prinsipi həm dövlət, həm də özəl sektorun əmək bazarında pozitiv meylləri, əmək resurslarından səmərəli istifadəni şərtləndirən birgə səmərəli səylərinin güclənməsinə səbəb olub. Bunun müsbət nəticəsi kimi, cari ilin birinci yarımilində 78 mini daimi olan 90 minə yaxın iş yeri açılıb. Torpaqlardan səmərəli istifadə edilməklə kənd təsərrüfatında ixracyönümlü məhsul istehsalı sektorlarının, o cümlədən pambıqçılığın, tütünçülüyün və s. sürətli inkişafına nail olunması əmək resurslarının 36,7%-nin cəmləşdiyi kənd yerlərində məşğulluğun əhəmiyyətli şəkildə artmasına şərait yaradıb. Həmçinin sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”.

Nazir bu ilin 6 ayında təqdim edilmiş vakansiyalar əsasında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 44 524 nəfər şəxsin münasib işlə təmin edildiyini, 550 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu, əmək birjaları vasitəsilə 1 135 nəfərin müvəqqəti işlərə göndərildiyini bildirib: “Həmçinin 8 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən 259 müəssisə tərəfindən 1452 boş (vakant) iş yerləri təqdim olunub, bu tədbirlərdə 2 115 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul olunub, 177 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 95 nəfər peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyata alınıb. Ölkənin aparıcı ali təhsil müəssisələrində quraşdırılmış 129 elektron informasiya köşkü, habelə müvafiq internet saytı vasitəsilə gənclərə məşğulluq orqanlarına təqdim olunmuş vakansiyalara dair daim yenilənən məlumatları öyrənmək imkanları yaradılıb”.

S.Müslümov işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının və rəqabət qabiliyyətinin artırılmasının da aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən olduğunu qeyd edib: “Nazirliyin xətti ilə cari ilin birinci yarımilində ümumilikdə 2 121 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur. Onlardan 1 935 nəfəri, o cümlədən 85 nəfər əlilliyi olan şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən, 186 nəfər sağlamlıq imkanları məhdud gənc isə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qeyd olunan kurslara cəlb edilib. Yəni peşə hazırlığına cəlb edilənlərin 271 nəfəri məhz əlilliyi olan şəxslər olub. Düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilən gənclərin sayı isə 59058 nəfər təşkil edib”.

Peşə hazırlığı və əlavə təhsil kurslarının mühüm bir hissəsinin Dövlət Məşğulluq Xidmətinin regional peşə tədrisi mərkəzlərində təşkil edildiyini bildirən nazir Xidmətin Bakı şəhərindəki və Göyçay rayonlarındakı Regional Peşə Tədrisi Mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi işlərinin görüldüyünü, Gəncə şəhərində də Regional Peşə Tədrisi Mərkəzinin yaradılması yönündə işlər aparıldığını diqqətə çatdırıb. Ölkədə müsbət demoqrafik meyllərin davam etdiyini bildirən S. Müslümov cari ilin yanvar-may aylarında respublika əhalisinin sayının ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4% artaraq iyun ayının 1-i vəziyyətinə 9747,4 min nəfərə çatdığını qeyd edib.

Nazir diqqətə çatdırıb ki, “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları”nın layihəsi hazırlanaraq nazirliyin kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Həmin Qaydalar proqrama cəlb olunacaq ailələrin seçilməsi, onların öz təsərrüfatlarını qurmalarının təşkili, bu sahədə onların maddi dəstəklə yanaşı, təsərrüfatçılıqla bağlı müəyyən bilik və bacarıqlara yiyələnmələrinin təmini və s. üçün bütün prosedurları dolğun şəkildə əhatə edir və tənzimləyir.

S. Müslümov özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlərin keçirilməsi və onlara biznes fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı məsləhətlərin verilməsi üçün hər bir rayon və şəhər üzrə təlimçilərin hazırlanması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq şəraitində görülən işlərdən də bəhs edib.

Artıq yaxın vaxtlarda bu istiqamətdə praktik işlərə başlanacağını, proqram çərçivəsində aztəminatlı ailələrdən olan 1 400 ailənin kiçik ailə təsərrüfatlarının yaradılacağını bildirən S.Müslümov vurğulayıb ki, əsas vəzifə proqrama cəlb olunacaq ailələrin bu proqramda iştirak etmək üçün potensiallarının düzgün qiymətləndirilməsi, yaradılacaq ailə təsərrüfatlarının inkişafına nail olunmasıdır. Çünki məqsəd təkcə o ailələrin yoxsulluq vəziyyətindən çıxarılması deyil, onların gələcəkdə biznes fəaliyyətlərini getdikcə genişləndirmələridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR