Nazir: "DSMF-nin apardığı yoxlamaların işəgötürənlər üçün heç bir ağırlığı yoxdur"

Nazir: "DSMF-nin apardığı yoxlamaların işəgötürənlər üçün heç bir ağırlığı yoxdur"
# 14 aprel 2016 10:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aparılan yoxlamaların birləşdirilməsi ilə bağlı təklifə münasibət bildirib.

"APA-Economics"in xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, DSMF tərəfindən heç bir səyyar yoxlama aparılmır: "Müxtəlif ölkələrdə müxtəlif yanaşma, praktika mövcuddur. Təbiətinə görə, sosial sığorta haqqı vergi deyil. Çünki vergi hansısa konkret məqsədə yönəlmir, dövlət büdcəsini doldurmaq üçün təyin olunur. Lakin sosial sığorta haqqının konkret təyinatı var - sığorta hadisəsi baş verdiyi halda sosial sığorta ödənişi həyata keçirilir. Sosial sığorta haqqı başqa məqsədə istifadə oluna bilməz. DSMF tərəfindən heç bir səyyar yoxlama aparılmır, yoxlamalar yalnız kameral qaydada həyata keçirilir. Hesab edirəm ki, bu gün sosial sığorta haqları üzrə bir yoxlama aparılmırsa, işəgötürən üçün hər hansı bir ağırlığı yoxdur. Əlbəttə, kimlərsə bu məsələni qaldıra bilər".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının üzvləri ilə görüşündə "Deloitte Azərbaycan" şirkətinin idarəedici partnyoru Nuran Kərimov Vergilər Nazirliyi və DSMF tərəfindən aparılan yoxlamaların birləşdirilməsini təklif edib: "Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR