Azərbaycan XİN rəhbəri: “ATƏT Qarabağ münaqişəsinin həllində fəallıq göstərməlidir”

Azərbaycan XİN rəhbəri: “ATƏT Qarabağ münaqişəsinin həllində fəallıq göstərməlidir”
# 11 may 2016 17:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Almaniya və Azərbaycan-Avropa İttifaqı münasibətləri, enerji əməkdaşlığı, TAP və TANAP layihələri, iqtisadi əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki əhaliyə qarşı yönəlmiş müharibə cinayətləri törətməsi və bu fonda Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlar verməsini vurğulayıb, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib.

Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Almaniyaya son iki ildəki səfərlərinin dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR