Nazirlik: Əcnəbilərin təsis etdiyi müəssisələrin işçi heyətinin 80 faizi Azərbaycan vətəndaşları olmalıdır

Nazirlik: Əcnəbilərin təsis etdiyi müəssisələrin işçi heyətinin 80 faizi Azərbaycan vətəndaşları olmalıdır
# 14 mart 2016 08:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Təhsil haqqında” qanuna görə təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər”.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Hüquq şöbəsindən bildiriblər.

Şöbədən qeyd ediblər ki, təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan vətəndaşları təşkil etməlidir: ”Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi Azərbaycan Təhsil Nazirliyi ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər”.


Qeyd olunub ki, təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir: “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı Azərbaycan prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan prezidentinin 24.05.2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”na əsasən xüsusi təyinatlı təhsil müəssisələri mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində təsis edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR