Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib
# 25 noyabr 2019 17:22 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib.

APA-nın məlumatına görə, "Qloballaşan dünyada universitetlərin rolu: yeni çağırışlar və gözləntilər" adlı iclasda çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, forumun əsas məqsədi "Universitet – Məzun" münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli-mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir. Rektor bildirib ki, 1919-cu ildə yaradılan BDU-nu indiyədək 180 minə yaxın məzun bitirib: “Çox istərdik ki, buradakı çıxışlar formal xarakter daşımasın. Məzunların bir araya toplaşması bir şansdır. Bu şansdan istifadə etməliyik. Onlar ali məktəbin inkişafına yardımçı olmalıdırlar".

ADA Universitetinin rektoru Hafiz Paşayev universitet xatirələri barədə danışıb: "İxtisas seçimi edərkən qocaman müəllimlərimdən birindən soruşdum ki, hansı ixtisası seçim. Mənə texniki elmlərə məşğul olmağı məsləhət gördü. Mən fizika sahəsini seçdim, həmin müəllimlər hələ də gözümün qarşısından getmirlər. Bizim hazırkı dövrümüzdə də ali və orta məktəblərdə müəllim nüfuzunun yüksəkliyi saxlanmalıdır, müəllimə hörmət çox olmalıdır".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ali təhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb: "Sevindirici haldır ki, bir əsrlik yaşı olan BDU bu gün özünün müasir dövrünü yaşayır, dünya təhsil sisteminə uğurla inteqrasiya edir. Bu gün BDU-da çalışan professor-müəllim heyətinin çoxu bu təhsil müəssisəsinin məzunu olub. Eyni zamanda, digər ali məktəblərdəki professor-müəllim heyətinin sıralarında da BDU-nun məzunları üstünlük təşkil edir. Əminəm ki, BDU məzunları bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri, Tarix fakültəsinin 1977-ci il məzunu Hicran Hüseynova təhsildə yeni çağırışların olmasını, ali məktəblərdə müasir dünyanın tələblərinə uyğun olaraq, yeni ixtisasların açılmasını vacib sayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə BDU-nun Azərbaycan təhsilinin inkişafında vacib rol oynadığını bildirib. DIM sədrinin sözlərinə görə, hər il qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçimində üstünlük verdikləri ali təhsil müəssisələrinin arasında BDU da var.

Daha sonra Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin 2002-ci il məzunu Leyla Abdullayeva, BDU-nun 1985-ci il məzunu, Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev universitet xatirələrini bölüşüblər.

Ü. Mehdiyev BDU məzunlarının assosiasiyasının yaradılmasını vacib sayıb: “Çox nüfuzlu universitetlərin bu cür assosiasiyaları fəaliyyət göstərir. BDU-nun məzunları üçün bu ikiqat bayramdır. Bu, əlaqələrin qırılmaması üçün yaxşı platforma olar. Eyni zamanda təklif edərdim ki, Assosiasiyanın tərkibində Fond da formalaşdırılsın. Fondun ianələri hesabına bir sıra problemlər həll oluna bilər. Məzunlar öz potensialları səviyyəsində Universitetin hansısa işində həlledici rol oynaya bilərlər".

BDU-nun rektoru Elçin Babayev BDU məzunlarına Forumda iştirakları, çıxışları və maraqlı təklifləri üçün təşəkkür edib. O bildirib ki, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır.

Qeyd edək ki, Forumda iştirak edən 300-dən çox iştirakçı arasında Bakı Dövlət Universitetinin Azərbaycan, Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və dünyanın digər ölkələrindən olan məzunları, müxtəlif təşkilatların və birliklərinin nümayəndələri var.

Sonda BDU məzunlarının “Beynəlxalq Məzun Assosiasiyası" təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR