Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 9-da Bakı-Qazax yolunun 47-ci kilometrliyində yerləşən postda Salyan rayon sakini Əli Cəfərlinin idarə etdiyi “VAZ-21154”, Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda isə Şirvan şəhər sakinləri Ceyhun Vahidovun idarə etdiyi “VAZ-2121” və Tural Qaytaranovun idarə etdiyi “RAF” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Ə.Cəfərli, 333.1-ci maddəsi ilə C.Vahidov, 331.2-ci, 342.2-ci və 334.1-ci maddələri ilə isə T.Qaytaranov barəsində protokollar tərtib olunub.
Qaradağ rayon məhkəməsinin qərarı ilə Ə. Cəfərli 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 400 manat cərimələnib, Şirvan şəhər məhkəməsinin qərarı ilə C.Vahidov 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib, T.Qaytaranov isə 5 gün müddətinə inzibati həbs edilib.
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı da narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücülər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Biləsuvar rayonu ərazisində hərəkətdə olan “VAZ-21011” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə Biləsuvar rayon sakini H.Abdalzadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən H.Abdalzadənin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Biləsuvar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfində saxlanılmış digər sürücü, rayon sakini R.Məmmədovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. “Vaz 2106” markalı avtomobillə hərəkətdə olarkən qayda pozduğu üçün saxlanılan həmin sürücünün keçirilmiş müayinə nəticəsində narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.
Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.