Nazirlik 9 min əlili bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib

Nazirlik 9 min əlili bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib
# 18 iyul 2017 13:40 (UTC +04:00)

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9098 nəfər əlilliyi olan şəxsin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhərində və respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən bərpa-müalicə müəssisələrin də kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, cari ilin birinci yarımilində nazirliyin bərpa mərkəzlərində 4 311 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Qeyd olunan dövrdə Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 4 787 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslər ümumilikdə 14 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. O cümlədən əlilliyi olan şəxslərə 214 ədəd əlil arabası və 897 ədəd aşağı və yuxarı ətraf ortezi, 295 ədəd bel və boyun nahiyəsi üçün korset, 581 ədəd aşağı və yuxarı ətraf protezi, müxtəlif növlərdə 4 662 reabilitasiya vasitəsi, 2 283 cüt ortopedik ayaqqabı, 610 cüt dirsəkaltı ağac, 755 ədəd əsa, 259 ədəd dördayaqlı dayaq vasitəsi və s. verilib.

Son illərdə nazirliyin Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılaraq müvafiq təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Hazırda bu istiqamətdə işlər digər bir sıra reabilitasiya müəssisələrində də davam etdirilir.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə əlilliyin qiymətləndirilməsi prosesi məmur-vətəndaş təmasları olmadan, avtomatlaşdırılmış şəraitdə və şəffaf şəkildə yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR