SOCAR: Azərbaycanda inşa ediləcək yeni kimya müəssisələrinin məhsulları idxalı tam əvəzləyəcək

SOCAR: Azərbaycanda inşa ediləcək yeni kimya müəssisələrinin məhsulları idxalı tam əvəzləyəcək
# 06 aprel 2018 12:46 (UTC +04:00)

"Azərbaycanda inşa ediləcək yeni kimya müəssisələrinin məhsulları ölkəmizdə həmin məhsulların idxalını tam əvəzləyəcək".

APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istehsal olunacaq məhsulun daha böyük hissəsi isə ixrac ediləcək, ölkəmizə əlavə gəlirlər gətirəcək: "Qeyd etməliyəm ki, emal sənayesində məhz ixracyönümlü investisiya layihələrinin həyata keçirilməsi ilk növbədə ölkənin iqtisadi inkişafı üçün vacibdir. Buna görə Azərbaycanda bu layihələrin məhz Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılması vacib idi. SOCAR Polymer və SOCAR Karbamid zavodlarının inşası ölkədə aqrar sektorun, habelə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradacaq. Ən keyfiyyətli azot gübrəsi olan karbamid bütövlüklə azot gübrəsinin idxalını əvəzləyə biləcək. SOCAR Polymer-in məhsulları isə birbaşa kiçik və orta sahibkarlar tərəfindən xammal kimi istifadə olunaraq, ölkəmizdə müxtəlif plastik istehlak məhsullarının istehsalı və deməli, qeyri-neft sektorunun inkişafı üçün zəmin yaradacaq. STAR NEZ, SOCAR Polymer və SOCAR Karbamid zavodların inşası artıq bu il tamamlanacaq, zavodlarda məhsul istehsalına başlanılacaq".

R.Abdullayev bildirib ki, ölkəmizin neft məhsulları ilə əsas təminatçısı olan, o cümlədən də, SOCAR Polymer zavodunu xammalla təchiz edən Heydər Əliyev adına Neft Emalı Zavodunda geniş miqyaslı yenidənqurma layihəsi həyata keçirilir: "Layihənin məqsədləri respublikanı yüksək keyfiyyət standartına cavab verən dizel və benzin yanacağı ilə təmin etmək, zavodun istehsalat həcmini ildə 6 milyon tondan 8 milyon tona qədər qaldırmaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR