“Azərbaycan Dəmir Yolları” 2 illik fəaliyyəti ilə bağlı hesabat açıqlayıb

“Azərbaycan Dəmir Yolları” 2 illik fəaliyyəti ilə bağlı hesabat açıqlayıb
# 09 fevral 2017 05:43 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2 illik fəaliyyəti ilə bağlı hesabat açıqlayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir.

Bu il bağlantının istismara verilməsi gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Butun yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Astara stansiyasından İran sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Astara çayı üzərində tikilən körpüdə son tamamlama işləri görülür. 2015-ci il avqustun 3-dən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunu fəaliyyəti canlandırılıb. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb. 13 may 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq qatarı” layihəsinə qoşulub. “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir.

Bakı sərnişin vağzalında aparılan əsasalı təmir işləri islahatlar prosesinin əsas tərkib hissələrindəndir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulub, vağzal binasının daxilində tam yenidənqurma işləri görülüb. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Eyni zamanda Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün ilk növbədə dəmir yollarının əsaslı təmirinə ehtiyac olub. 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib, sentyabrın 2-də işlər başa çatdırılıb. 13 may 2015-ci ildə Bakıda “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb və qatarların beşi də Bakı-sərnişin stansiyasına gətirilib. 2015-ci il sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. 2015-ci ilin oktyabr ayında təmir işlərinin növbəti mərhələsinə start verilib, bu günə kimi 200 km-dən artıq dəmir yolu əsaslı təmir edilib. Bununla yanaşı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur. Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Qazaxstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanıb. Artıq teplovozlardan beşi ölkəmizə gətirilib, yük daşımalarinda istifadə olunacaq. Sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb, qısa müddət ərzində yeni yuk vaqonları ölkəmizə gətirilib.

Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir. İki il ərzində 150 dəmiryolçu mənzillə təmin edilib. Dəmiryolçuların yenə də mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı tərəfindən 9 növ xidmət göstərilir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib. 29 dekabr 2016-cı il tarixdən daha bir qatar - Naxçıvan - Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR