Süleyman Kələşov: "Atılan addımlara baxmayaraq, kənd təsərrüfatının ÜDM-də payı azdır"

Süleyman Kələşov: "Atılan addımlara baxmayaraq, kənd təsərrüfatının ÜDM-də payı azdır"
# 14 aprel 2017 15:29 (UTC +04:00)

"2016-cı ildə görülən bütün tədbirlərə baxmayaraq, kənd təsərrüfatının ÜDM-də payı 5,6% olub, bu isə çox aşağı göstəricidir". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib.

Onun sözlərinə görə, bu gün ixracın yalnız 1,3%-i kənd təsərrüfatının payına düşür, bu isə ölkənin potensialından qat-qat aşağıdır. "Ümumi kredit portfelinin yalnız 2,7%-i kənd təsərrüfatının payına düşür. Kreditlərin 85%-i Bakıda cəmləşib. Gəncə və Sumqayıtı da nəzərə alsaq, bu rəqəm 90%-ə çatır. Buradan da görünür ki, sektorların və regionların diversifikasiyası üçün kredit qoyuluşlarında problemlər mövcuddur", - deyə S. Kələşov qeyd edib.

S. Kələşov ucqar ərazilərdə yaşayan əhalinin maliyyə resurslarına çıxışında yaranan problemlərdən də danışıb: "Maliyyə resurslarına çıxış zamanı yaranan problem məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Xüsusilə də regionlarda mikrokreditlərə ehtiyac var. Bu baxımdan mikromaliyyə institutlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir".

Kənd təsərrüfatının iqlim dəyişikliklərindən asılı olduğunu qeyd edən S. Kələşov bu sahənin mürəkkəb və çox riskli olduğunu bildirib. "Bu sahənin inkişafı üçün sistemli və hərtərəfli tədbirlər görülməlidir. Dövlət proqramları çərçivəsində kənd təsərrüfatı sektorunun hərtərəfli inkişafına baxmayaraq, icra zamanı qarşıya çıxan əngəllər sürətli inkişafa maneə törədir. Bu baxımdan müvafiq icra qurumlarının töhfəsi mütləqdir. Yalnız bu zaman iqtisadiyyat inkişaf edə, rəqabətli və dinamik ola bilər", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR