Nazir: “Elektron ticarətin vergiyə cəlb olunmaması üçün təkliflər hazırlanır”

Nazir: “Elektron ticarətin vergiyə cəlb olunmaması üçün təkliflər hazırlanır”
# 04 sentyabr 2014 11:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron ticarətə verginin tətbiq edilməsini məqsədəuyğun saymır.

APA-Economics”in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir hesab edir ki, indiki mərhələdə elektron ticarətə verginin tətbiq edilməsi bu sahənin inkişafını ləngidə bilər.

“Elektron ticarətə verginin tətbiq edilməsi barədə müxtəlif fikirlər var. Biz çalışacağıq ki, inkişaf üçün virtual bazarda aparılan əməliyyatlara vergi tətbiq edilməsin. Çalışacağıq ki, müvafiq qurumları elektron ticarətə vergi tətbiq edilməməsi üzrə inandıraq. Biz bu barədə Vergilər Nazirliyinə təklifimizi verəcəyik”, - deyə Ə. Abbasov vurğulayıb.

Yeri gəlmişkən, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, Azərbaycanda elektron ticarətə verginin tətbiq edilməsi bu sahənin inkişafının ləngiməsinə səbəb olmayacaq.

O qeyd edib ki, digər sahələrdə olduğu kimi bu sahədə də qanunvericiliyə uyğun olaraq bütün vergilər ödənilməlidir.

Azərbaycanda elektron ticarət dövriyyəsinin artdığını söyləyən Ə. Məmmədov bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət vergiyə cəlb olunmalıdır. Onun sözlərinə görə, vergi nəzarəti bu sahədə nizam-intizamın təmin olunmasına səbəb olacaq.

“Elektron ticarətə nəzarət çətin bir prosesdir. Bunun konkret model forması yoxdur. Amma müxtəlif istiqamətlərdən, müxtəlif mənbələrdən informasiya hesabına elektron ticarətlə məşğul olan şəxslərin vergiyə cəlb olunması təmin olunacaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR