Beyləqanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulur

Beyləqanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulur
# 26 noyabr 2014 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində tədbirləri davam etdirir.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir.

“Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Beyləqan şəhərində 25 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Bu layihə çərçivəsində rayonun Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinin 5 200, həmçinin bu ərazidə məskunlaşmış 800-dən artıq məcburi köçkünün içməli su problemi də öz həllini tapacaq.

Təməli 2012-ci ilin oktyabrın 28-də prezident İlham Əliyev tərəfindən qoyulmuş layihəyə uyğun olaraq Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək məqsədilə Əlinəzərli kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılıb və buradan şəhərə 8,6 km uzunluğunda magistral su xətti çəkilib. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilib.

Ümumi uzunluğu 91 km olan şəhərdaxili su şəbəkəsinin 81 km-lik hissəsi çəkilib, 4791 ünvan şəbəkəyə qoşulub. Artıq yeni şəbəkə ilə istehlakçılara içməli suyun verilməsinə başlanılıb.

İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir və indiyə qədər 5 200-dən çox abunəçinin 2 minə yaxını sayğacla təmin olunub. Yanğın təhlükəsizliyini təmin etmək üçün 321 yanğın hidrantı quraşdırılıb. Layihə çərçivəsində Beyləqan şəhərinin kanalizasiya sistemləri də yenidən qurulur. İndiyədək 89,9 km uzunluğunda kanalizasiya xətlərinin 83 km-lik hissəsi inşa edilmiş, 2 mindən çox baxış quyusu tikilib.

Layihənin növbəti mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək. Bununla da Beyləqan şəhərində yaranacaq tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.

Qeyd edək ki, Beyləqan şəhərində içməli su və kanalizasiya sistemləri 1980-ci illərdə yaradılıb. Layihənin icrasına qədər şəhər sakinlərinin təqribən 30%-i mərkəzləşdirilmiş qaydada qrafik rejimlə içməli su ilə təmin olunub. Digər əhali içməli suya olan tələbatını fərdi qaydada ödəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR