Gürcüstan prezidentinin müşaviri Gürcüstanda səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşüb

Gürcüstan prezidentinin müşaviri Gürcüstanda səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşüb
# 05 avqust 2014 00:27 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan hökuməti azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasında maraqlıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidentinin milli azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi Azərbaycan jurnalistləri ilə görüşündə bildirib. Müşavirin sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər: “Biz arzulayırıq ki, azərbaycanlılar yüksək hökumət postlarında təmsil olunsunlar”.

S. Şamanidi bildirib ki, dil baryeri inteqrasiya prosesinə mane olan problemlərdən biridir: “Təəssüf ki, Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlıların hamısı gürcü dilini bilmir. Hökumət azərbaycanlıların dövlət dilini bilmələri üçün bütün imkanlardan istifadə edir. Bütün Azərbaycandilli məktəblərdə gürcü dili fənni tədris olunur. Ən çətin məqam yaşlı insanların bu dili öyrənməsindədir, çünki yaşlı insanlar üçün dil öyrənmək çətindir”, deyə S.Şamanidi bildirib.

Sofiya Şamanidi qeyd edib ki, hökumət azərbaycanlıların Gürcüstanda təhsil alması üçün maraqlıdır: “Azərbaycanlı abiturientlər 1+4 proqramı üzrə ali məktəblərə qəbul olunur. Onlar ana dilindən imtahan verdikdən sonra bir il gürcü dilini öyrənir və bundan sonra gürcü dilində ali məktəbdə təhsillərini davam etdirirlər. Beləliklə, biz azərbaycanlı gənclərin digər ölkələrə təhsil almaq və qazanc arxasınca getməməsinə çalışır və onlara ali təhsil almaq imkanları yaradırıq”, deyə müşavir qeyd edib.

Gürcüstan prezidentinin müşaviri ölkədə azərbaycanlıların dini hüquqlarına da toxunub: “Hələlik dini abidələrin qeydiyyatında problemlər var. Hökumətin nəzdində dini məsələlər üzrə məşğul olan xüsusi agentlik fəaliyyət göstərir. Dini abidələrin qeydiyyatı zaman məsələsidir və düşünürəm ki, o, həll olunacaq,” deyə Şamanidi bildirib.

Müşavir Tiflisdə yeni məscid tikintisi məsələsinə də münasibət bildirib: “Əgər belə bir arzu və ehtiyac varsa, Gürcüstan müsəlmanları bu məsələni qaldıra bilər. Əgər bir məscid müsəlmanlar üçün azlıq təşkil edirsə, onlar yeni məscid tikintisi məsələsini gündəmə gətirə bilər, lakin bu barədə söhbət getmir. Gürcüstanda çoxlu məscidlər var”, deyə Şamanidi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR