Maliyyə naziri: “Gələn ilin dövlət büdcəsi risklərin idarə edilməsi vəzifəsinə tam cavab verir”

Maliyyə naziri: “Gələn ilin dövlət büdcəsi risklərin idarə edilməsi vəzifəsinə tam cavab verir”
# 20 noyabr 2014 11:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı millət vəkillərinin təkliflərinə münasibət bildirib.

APA-Economics”in məlumatına görə, S. Şərifov bildirib ki, ipoteka kreditlərinin daha da genişləndirilməsi istiqamətində hökumətlə Mərkəzi Bank arasında danışıqlar gedir. Onun sözlərinə görə, bununla bağlı yaxın vaxtlarda əlavə təkliflər veriləcək.

Müdafiə sahəsinə ayrılan vəsaitə gəlincə maliyyə naziri hesab edir ki, bu sahəyə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb.

Aqrar sahəyə hər zaman xüsusi diqqət yetirildiyini deyən S. Şərifov bunun üçün müəyyən maliyyə mexanizmlərinin mövcud olduğunu xatırladıb. O, əlavə edib ki, aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün gələn ilin dövlət büdcəsində əlavə olaraq 55 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

Maliyyə naziri bəzi millət vəkillərinin 2015-ci ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin azalması ilə bağlı fikirlərinə də münasibət bildirərkən qeyd edib ki, gələn ilin dövlət büdcəsində elmə ayrılan vəsait 143 mln. manat təşkil edib: “Bu bölmədən maliyyələşən təşkilatların 6 mln. manatı büdcədən kənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Car illə müqayisədə bu 4 mln. manat çox deməkdir. Lakin, bu büdcədən kənar gəlir və xərclər mütənasib şəkildə götürülür. Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələr tərəfindən büdcə sifarişləri bizə təqdim olunarkən həmin büdcədən kənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində xeyli az məbləğlərdə vəsait daxil olur. Misal olaraq, cari il üçün elm bölməsinin büdcədən kənar vəsaitin həcmi 14,5 mln. manat proqnozlaşdırılır. Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə, həmin daxilolmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni, cari ilin 1 iyun proqnozuna görə icra 400 min manat təşkil edib. 10 ay ərzində isə bu gəlirlər yalnız 1 mln. manat təşkil edib. Beləliklə 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən bu məsələlərə baxaraq, daxilolmaları azaltmışıq. Bunu baxmayaraq, təkliflərə nəzərə alıb, elmə ayrılan vəsaitləri artırmağın yolları barədə düşünərik”.

Maliyyə naziri gələn ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinin 90 ABŞ dolları səviyyəsində hesablandığını xatırladıb. S. Şərifov əlavə edib ki, 2015-ci ilin dövlət büdcəsi risklərin idarə edilməsi vəzifəsinə tam cavab verir: “Bunun üçün müəyyən qədər ehtiyatlarımız da mövcuddur. Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da reallığa tam uyğundur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR