Azərbaycan millisinin velosipedçisi: “Bu, gördüyünüz yarışlar içərisində ən yaxşısı olacaq”

Azərbaycan millisinin velosipedçisi: “Bu, gördüyünüz yarışlar içərisində ən yaxşısı olacaq”
# 09 iyun 2015 07:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin velosipedçiləri Avropa Oyunları üçün azarkeşlərə müraciət ünvanlayıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız azarkeşlərlə birgə daha güclü olduqlarını bəyan ediblər.

Dağ velosipedi üzrə Azərbaycan millisinin üzvü Aqşin İsmayılov bildirib ki, Avropa Oyunları bu vaxtadək iştirak etdiyi turnirlər içərisində ən nüfuzlu yarış olacaq: “Azərbaycan velosipedçilərindən ilk olaraq mübarizəyə məhz biz qoşulacağıq. Ümid edirəm ki, iyunun 13-də Dağ Velosipedi Parkında azarkeşlərimiz bizi tək qoymayacaqlar. Rəqiblərimiz çox güclüdü, amma tərəfdarlarımızın dəstəyi bizə güc verəcək və biz bu çətin yolu birgə qət edəcəyik. Dövlətimiz tərəfindən hazırlıq üçün bizə hər cür şərait yaradılıb. Əsas olan ölkəmizi layiqincə təmsil etməkdi ki, bu işin də öhdəsindən uğurla gələcəyimizə inanıram. Yetər ki, azarkeşlər bizi tək qoymasın, çünki biz bir yerdə daha güclüyük!”

Şosse velosipedi üzrə yığmamızın üzvü, Rio Olimpiadasına lisenziya qazanmağa ən real namizəd Maksim Averin də azarkeşlərin dəstəyinə ehtiyacı olduğunu vurğulayıb: “Bu günlər ərzində dünya idman ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq. Avropanın bir çox ölkələrində keçirilən yarışlarda iştirak edərkən dəfələrlə bunun şahidi olmuşam. Hamı yarışla bağlı suallar verir, ilk dəfə təşkil ediləcək Avropa Oyunlarında iştirak etmək niyyətində olduğunu deyir. Mən və komanda yoldaşlarım onlara yalnız bir şey deyirik – “bu, gördüyünüz yarışlar içərisində ən yaxşısı olacaq”. Ölkəmin Avropa Oyunlarına necə səylə hazırlaşdığını görmək həqiqətən də qürurvericidi. Biz də bu tarixi hadisənin bir parçası olmaq istəyirik. Üzümü azarkeşlərə tutaraq demək istəyirəm: “Sizin dəstəyinizə ehtiyacımız var. Gəlin, uğura aparan yolda birgə addımlayaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR