ABŞ dövlət katibi: “İranla hər hansı anlaşma İsrailin təhlükəsizliyini zərbə altında qoymayacaq”

ABŞ dövlət katibi: “İranla hər hansı anlaşma İsrailin təhlükəsizliyini zərbə altında qoymayacaq”
# 19 noyabr 2013 08:58 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranla nüvə məsələsi üzrə hər hansı bir anlaşma İsrailin təhlükəsizliyini zərbə altında qoymayacaq”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İranla istənilən razılığın əldə olunması İsrailin təhlükəsizliyini təhdid edən amilləri yalnız ciddi şəkildə azaldacaq: “İsrailin baş naziri Benyamin Netanyahu bununla bağlı öz narahatlığını ifadə edib. Onun öz fikirlərini açıq şəkildə bəyan etmək hüququ var və onun fikirləri ölkəsinin müdafiəsi üçündür”.

C. Kerri deyib ki, ABŞ İsrailin təhlükəsizliyinin təmin olunması məsələsində öz siyasətinə sadiqdir: “Fikrimcə, bizim hazırkı tədbirlərimiz İsrailin təhlükəsizliyini heç də böyük təhlükə qarşısında qoymur. Əksinə, biz təhlükə riskinin daha da azalacağına inanırıq”.

ABŞ dövlət katibi İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə də toxunub: “Mənim Cenevrə müzakirələrindən xüsusi bir gözləntim yoxdur. Bundan başqa, müzakirələr yaxşı niyyətlə aparılır və ilkin addım anlaşmanın əldə olunmasına yönəlib. Ümidvaram ki, İran nüvə proqramının dinc məqsədli olduğunu sübut edəcək. Eyni zamanda rəsmi Tehran bunun üçün hansısa bir sənəd təqdim etməli olduğunu anladığına görə Cenevrə müzakirələrinə əhəmiyyətli şəkildə hazırlıqlı olacaq”.

Qeyd edək ki, noyabrın 20-21-də Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR