Prezident İlham Əliyev: “Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və strateji xarakter alacaq”

Prezident İlham Əliyev: “Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və strateji xarakter alacaq”
# 19 iyul 2013 04:36 (UTC +04:00)

Bakı-APA. “Dünyada gedən bəzi proseslər, qütbləşmə, ayrı-seçkilik meylləri bizi narahat edir. Azərbaycan öz tərəfindən çalışır və çalışacaq ki, mədəniyyətlərarası münasibətlər sağlam zəmində həllini tapsın. Biz çalışırıq, öz təcrübəmizi və nailiyyətlərimizi ortaya qoyuruq, göstəririk ki, bu mümkündür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında söyləyib.

Prezident son altı ayda Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, mədəniyyətlərarası dialoqun və ölkələrarası əməkdaşlığın gücləndirilməsi üçün səylərini davam etdirdiyini bildirib.

Ötən rübdə Avropa İttifaqına səfər etdiyini bildirən prezident bunun dövlət başçısı kimi Avropa Komissiyasına beşinci səfəri olduğunu xatırladıb: “Bu səfərlər münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Ancaq son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bu kampaniya son on il ərzində vaxtaşırı gah canlanır, gah da səngiyir. Son bir ildə isə bu kampaniya çox eybəcər forma alıb. Təkcə onu demək kifayətdir ki, son bir ildə Avropa Parlamentində üç anti-Azərbaycan qətnamə qəbul edilib”.

Prezident deyib ki, Avropa Parlamenti 750 deputatdan ibarət olsa da, bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər və həmişə də eyni şəxslər iştirak edir: “Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək, bu qətnamələrin qəbul edilməsinə nail olurlar”.

Prezident qeyd edib ki, Azərbaycanda bu cür qətnamələrə heç kim fikir vermir: “Onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib. Sadəcə, onu demək istəyirəm ki, son bir ildə anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr ölkəmizə qarşı fəaliyyətini gücləndiriblər. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə böhranlı illərdə inkişafı, müstəqil siyasət yürütçəsi və hər bir beynəlxalq məsələ ilə bağlı konkret mövqeyi heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, ovqat bu gün böhran içində yaşayanları yəqin ki sevindirmir”.

Prezident Avropa Şurasında da anti-Azərbaycan qüvvələr olduğunu, amma onların azlıq təşkil etdiyini bildirib: “Son illər ərzində Azərbaycanın fəal işləri və beynəlxalq nüfuzunun artması əlbəttə ki, bir çox beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı dolğun məlumatın formalaşmasına gətirib çıxarıb. Ancaq yenə də qərəzli insanlar, Azərbaycanın uğurlarını qəbul edə bilməyən deputatlar var ki, onlar mütəmadi olaraq Azərbaycana hücum etməyə cəhd göstərirlər”.

Prezident bildirib ki, Avropa Şurasında sonuncu belə cəhd bu ilin yanvarında olub: “Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox deyərək, bu çirkin məruzəni rədd ediblər. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu, bizi narahat edir”.

Prezident Azərbaycanın Avropa Şurasına üzv olduğunu, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq qurduğunu bildirib: “Ümumi mənzərə əlbəttə, müsbətdir, dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq. Ona görə də mənim Avropa İttifaqına budəfəki səfərim xüsusi əhəmiyyət daşıyırdı. Biz bir çox məsələləri aydınlaşdırmalı idik. Biz aydınlaşdırmalı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaq? Azərbaycanın maraqları necə təmin ediləcək? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı. Çünki hər bir ölkə əgər hansısa quruma inteqrasiya edirsə, o bilməlidir ki, nə üçün inteqrasiya edir. Kortəbii şəkildə inteqrasiya etmək mümkün deyil”.

Prezident Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqil olduğunu deyib: “Yəni, bizim gələcək illərdə inteqrasiya addımlarımız ölçülüb-biçilməlidir. Nə üçün biz bunu edirik? Hansı məqsədlər üçün biz bunu edirik? Biz bunsuz da yaşaya bilərik və yaşayırıq da. Biz öz hesabımıza yaşayırıq”.

Prezident qeyd edib ki, Avropa İttifaqı ilə apardığı danışıqlar müsbət nəticələrlə yekunlaşıb: “Növbəti illər üçün hesab edirəm ki, hər iki tərəfdə gələcək əməkdaşlıqla bağlı çox ciddi baxışlar var. Növbəti illərdə Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və strateji xarakter alacaq. Hər halda bizim istəyimiz bundan ibarətdir. Ancaq bu əlaqələr qarşılıqlı maraqlar və hörmət üzərində qurulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR