İran XİN: Biz öz səfirimizi seçmişik

İran XİN: Biz öz səfirimizi seçmişik
# 08 aprel 2014 10:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Həmid Abutalıbi İranı BMT-də təmsil etməyə layiqdir”. APA-nın “Təsnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, H.Abutalıbinin Avropa və Avstraliyada səmərəli diplomatik fəaliyyətləri olub: “Biz öz səfirimizi seçmişik. BMT-nin mərkəzi qərargahı ABŞ-da yerləşir. Ona görə də ABŞ-ın müvafiq rəsmiləri ilə viza verilməsi üçün yazışmalar aparmışıq. Biz bu istiqamətdə diplomatik kanallar vasitəsilə işimizi davam etdiririk. Əgər rəsmi cavab ala bilməsək, növbəti addımla bağlı qərarımızı verəcəyik”.

Qeyd edək ki, H.Abutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Abutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ötən gün ABŞ Dövlət Departamenti İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyinatından ciddi narahat olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İranın seçimi xeyli problem yaradacaq: “Biz bu məsələni diqqətlə nəzərdən keçiririk və mümkün seçimdən çox narahatıq”. O, həmçinin H.Abutalibiyə viza verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: “BMT-nin ofisi Nyu-Yorkda yerləşdiyindən, ABŞ-ı dövlətlərin nümayəndələrini qəbul etməyə məcbur edir”.

ABŞ Senatı aprelin 7-də İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Abutalıbinin ölkə ərazisinə buraxılmasının qarşısının alınması barədə qanun layihəsi qəbul edib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, sənədin müəllifi Texsas ştatının senatoru Ted Kruzdur. Qanun layihəsinə əsasən, terrorçu kimi qeydə alınmış şəxslərin ABŞ torpağına daxil olması və Nyu-York şəhərində yerləşən BMT-də xidmət göstərməsi qadağan olunmalıdır. Bu layihə ABŞ Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməli və qüvvəyə minməsi üçün ölkə prezidenti tərəfindən imzalanmalıdır.

Ancaq bununla belə, H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR