“Sərhədsiz Reportyorlar” azərbaycanlı jurnalisti “informasiya qəhrəman”ı elan edib

“Sərhədsiz Reportyorlar” azərbaycanlı jurnalisti “informasiya qəhrəman”ı elan edib
# 30 aprel 2014 13:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist hüquqlarını müdafiə təşkilatı 3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində yüz nəfəri “informasiya qəhrəmanı” elan edib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, onların arasında Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 7 ilə yaxındır Tehranın Evin həbsxanasında saxlanılan jurnalist Səid Mətinpur da var.

“Sərhədsiz Reportyorlar”ın yaydığı bəyanatda bildirilir ki, azərbaycanlı qəhrəman “Yarpaq” türkdilli həftəlik dərgisinin redaksiya heyətinin üzvü olub. S.Mətinpur 2007-ci ildə tutulmaqla müvəqqəti həbsdə saxlanılıb, 2009-cu ildə məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilərək Tehranın Evin həbsxanasına salınıb.

Qeyd edək ki, hazırda Tehranın Evin həbsxanasında təkadamlıq kamerada saxlanılan azərbaycanlı jurnalist 13 gündür aclıq aksiyası keçirir. Onun həyatının təhlükə altında olduğu bildirilir. Hətta aprelin 28-də S.Mətinpurun həyat yoldaşına onunla görüşməyə icazə verilməyib. Ümumiyyətlə, hazırda yüzlərlə məhbus aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində baş vermiş toqquşmaya etiraz olaraq aclıq aksiyası keçirir və təzyiq və zorakılığın dayandırılmasını, həbsxana rəhbərliyinin onlardan üzr istəməsini, döyüldükdən sonra zindanın 240-cı korpusuna və təkadamlıq kameralara köçürülən məhkumların geri qaytarılmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR