Rusiya prezidenti İrana səfər edəcək

Rusiya prezidenti İrana səfər edəcək
# 17 mart 2014 12:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiya prezidenti İrana səfər edəcək. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

Onun sözlərinə görə, Vladimir Putinin İrana səfəri öz təsdiqini tapıb: “Ancaq bu səfərin həyata keçirilməsi üçün münasib zaman olmalıdır. Əvvəlcə İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək. Bundan sonra Putinin İran səfəri planlaşdırılır. Bundan əlavə, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin başçılıq etdiyi nümayəndə heyətinin aprelin 20-də İrana səfər etməsi planlaşdırılır”.

L.Caqaryan həmçinin deyib ki, İrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyalar iki ölkə arasındakı iqtisadi əlaqələrə mənfi təsir göstərir. Çünki Rusiya şirkətləri İran bazarına daxil ola bilmirlər. Rusiya həmişə İrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyaları pisləyib və bu addımın qeyri-qanuni olduğunu bildirib. Nəticə etibarilə İran və Rusiya arasında ticarət mübadiləsinin həcmi kəskin şəkildə azalıb. İki ölkə arasında ticarət mübadiləsi həcmi ötən il 4 milyard dollar olduğu halda, pul transferinə maneələr yaradılması səbəbindən 1,5 milyard dollara düşüb. Bu mənfi tendensiya bizi narahat edir və bunu aradan qaldırmaq üçün İran tərəfi ilə əməkdaşlıq edirik. Ona görə də İran-Rusiya Hökumətlərarası Komissiyasının iclasının avqust və ya sentyabrın ikinci yarısında Tehranda keçirilməsi planlaşdırılır. Bundan əlavə, bir ay yarım sonra Həştərxan vilayətinin qubernatoru İranın Gilan və Mazandaran vilayətinə səfər edəcək”.

Səfir iki ölkə məhsul mübadiləsi qarşılığında böyük neft müqaviləsinin imzalanması barədə razılığa gəlib və belə bir sazişin bağlanması çox vacibdir: “Hazırda bu müqavilə ilə bağlı tərəflər arasında danışıqlar davam etdirilir. Çünki sazişin məzmunu çox mürəkkəbdir. Biz yaxın gələcəkdə iki ölkə arasında belə bir müqavilənin imzalanacağına ümid edirik. Çünki Rusiya neft və qaz şirkətləri İranla əməkdaşlığa davam etdirməkdə maraqlıdır. Rusiyanın iri neft şirkəti İran bazarına qayıtmaq istəyini açıqlayıb. Eyni zamanda İranla Rusiya arasında Buşəhr Atom-Elektrik Stansiyasında (AES) daha iki yeni nüvə enerjisi blokunun inşası ilə bağlı saziş imzalanıb”.

L.Caqaryan İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələrinə də toxunub: “Müzakirələrin 6 ay ərzində yekunlaşması mümkündür və biz hamımız da bunu istəyirik. Ancaq danışıqların müddəti artırıla da bilər. Əgər biz İranın nüvə proqramı ilə bağlı dünya ictimaiyyətinin narahatlıqlarını aradan qaldırsaq, sanksiyaların ləğv edilməsi üçün heç bir maneə qalmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR