Arif Hacılı: “AXCP ilə hər hansı birliyin yaradılması barədə müzakirələr aparılmır”

Arif Hacılı: “AXCP ilə hər hansı birliyin yaradılması barədə müzakirələr aparılmır”
# 13 iyun 2014 11:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Mətbuatda müxalifətin yeni birlik, koalisiya yaradacağı barədə məlumatlar çox şişirdilib. Əslində söhbət hər hansı danışıqlardan yox, müəyyən müzakirələrdən gedir. Sadəcə, müxalifət qüvvələri, ayrı-ayrı ictimai birliklər və tanınmış ictimai-siyasi xadimlərlə funksional əməkdaşlıq, perspektivdə koalisiyaların qurulması və başqa məsələlərlə bağlı ilkin müzakirələr aparılır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifətin yeni birlik yaradacağı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

A.Hacılı qeyd edib ki, Müsavat Partiyası ölkədə və regionda baş verən hadisələrlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlarla əməkdaşlıq şəraitini qorumağa və müəyyən koalisiyaların qurulmasına çalışır: “Azərbaycanın ümummilli məsələlərində fəaliyyətimizi ölkədə olan siyasi, ictimai təşkilatlarla uzlaşdırmağa çalışırıq. Çünki Azərbaycanda elə bir ictimai-siyasi şərait mövcuddur ki, ölkədə istənilən vaxt siyasi fəallıq yarana bilər. Xüsusilə indiki şəraitdə Rusiya ilə Qərb arasında soyuq müharibənin bərpa olunması, eyni zamanda keçmiş postsovet məkanında təsir imkanları bölgüsünün mühüm mərhələsində bu baş verə bilər. Ona görə də çalışırıq ki, müxalifət qüvvələri ilə siyasi əməkdaşlıq şəraitini qoruyub saxlayaq”.

Müsavat funksioneri onu da deyib ki, bu istiqamətdə müxtəlif təşkilatların nümayəndələri ilə əlaqələr olsa da, AXCP nümayəndələri ilə hər hansı birliyin yaradılması haqda müzakirələr aparılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR