Səxavət Əlisoy: “İsa Qəmbərin başqanlıqdan getməsi partiyada istefalara səbəb ola bilər”

Səxavət Əlisoy: “İsa Qəmbərin başqanlıqdan getməsi partiyada istefalara səbəb ola bilər”
# 29 oktyabr 2013 12:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “İsa Qəmbərin başqan vəzifəsindən getməsi partiyada istefalara səbəb ola bilər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S. Əlisoy xatırladıb ki, İsa Qəmbərin təşəbbüsü ilə eyni şəxsin ardıcıl olaraq iki müddətdən artıq başqanlığa seçilməməsi məsələsi Nizamnaməyə salınıb və qəbul edilib. Müsavat funksioneri bildirib ki, partiyada bəzi şəxslərin Nizamnamənin bu müddəasının həyata keçirilməsini istəməsi, digərlərinin isə bunun əleyhinə çıxması normal haldır.

S. Əlisoy hesab edir ki, İ. Qəmbərin başqan vəzifəsindən getməsi partiyaya müəyyən problemlər yaradacaq: “İsa Qəmbər 20 ildən artıq zamanda yetkinləşmiş bir siyasi liderdir. Eyni zamanda o, birləşdirici fiqurdur. Onun vəzifəsindən getməsi partiyadan qopmalara səbəb olacaq. Yəni, bir çox parametrlərdən baxdıqda İsa Qəmbərin başqanlıqda qalması bu qopmaların qarşısını ala bilər. Lakin başqan seçimlərinə qoyulan məhdudiyyət təşəbbüsü məhz İsa Qəmbər tərəfindən irəli sürüldüyündən, ən rasional addımı da o atmalıdır”.

Xatırladaq ki, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı APA-ya açıqlamasında bildirib ki, İ. Qəmbər partiyanın Nizamnaməsinə uyğun olaraq vəzifəsindən getmək istəyir və yenidən namizədliyini irəli sürmək fikrində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR