Avropa Birliyinin “Fikir azadlığı uğrunda” Andrey Saxarov mükafatına 16 yaşlı əfqanıstanlı qız layiq görülüb

Avropa Birliyinin “Fikir azadlığı uğrunda” Andrey Saxarov mükafatına 16 yaşlı əfqanıstanlı qız layiq görülüb
# 11 oktyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Qadın haqları uğrunda mübarizə aparan və buna görə talibanlar tərəfindən hücuma məruz qalan gənc pakistanlı Malala Yusifzai Avropa Birliyinin “Fikir azadlığı uğrunda” Andrey Saxarov mükafatına layiq görülüb. APA-nın “Euronews”a istinadən verdiyi məlumatına görə, bu barədə qərar Avropa Parlamentinin siyasi fraksiyalarının liderlərinin qapalı iclasında yekdilliklə qəbul olunub.

Bu qərarı şərh edən Avropa Parlamentinin sədri Martin Şults deyib ki, bu qız Pakistanın Svat vadisində hökm sürmüş kişilərin düşmən və qəddar hökmdarlıq mühitinə qarşı çıxmağa cürət tapıb: “Malala gənc qızdır və siz hamınız bilirsiniz ki, onun başına nə hadisələr gəlib. O, qəti şəkildə bəyan edib ki, məktəbə gedəcək və təhsil almaq hüququndan istifadə edəcək”.

Qeyd edək ki, Andrey Saxarov mükafatı 1988-ci ildən Avropa Parlamenti tərəfindən insan haqları, demokratiyanın inkişafı və qanunun aliliyi sahəsində əldə olunan nailiyyətlərə görə hər il verilir. Bu il mükafat uğrunda M. Yusifzai ilə birgə ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden və Belarus müxalifətçiləri Ales Belyatski, Nikolay Statkeviç və Eduard Lobov da mübarizə aparıblar.

16 yaşlı hüquq müdafiəçisi Malala Yusifzai yaşadığı Svat vadisində qadınların təhsil hüququ uğrunda mübarizədən sonra dünyada məşhurlaşıb. Buna görə taliblər ona hücum edib. Güllə yarası alan gənc hüquq müdafiəçisi Böyük Britaniyaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR