Yaşlılar niyə intihar edir? - VİDEO

Yaşlılar niyə intihar edir? - <span style="color: red;">VİDEO
# 20 noyabr 2013 12:59 (UTC +04:00)

Cəmiyyətdə yaşlılara olan diqqət artmalıdır. APA TV-də efirə gedən "Sosium" verilişində son zamanlar yaşlı insanlar arasında intihar hallarının və qətllərin artmasına münasibət bildirən psixoloq Təhminə Çələbi yaş keçdikcə insanlarda psixoloji dəyişikliyin baş verdiyini və bu səbəbdən də onlara qarşı xüsusi münasibətin olmasını labüd sayıb: "Bəzən deyirlər ki, insanlar yaşlaşdıqca sanki uşaqlaşır. Doğrudan da, bu belədir. Onlar daha çox nəvaziş görmək, sevilmək istəyir. Əgər övladlar ona qarşı diqqət göstərmirlərsə, onlarda tənhalıq sindromu yarana bilər. Yaşlılar özlərini artıq lazımsız, dəyərsiz, yararsız hesab etməyə başlayırlar və bu da son nəticədə intiharlara gətirib çıxarır".

Psixoloq bu yaxınlarda Astarada 72 yaşlı qadının 83 yaşlı əri tərəfindən əvvəlcə bıçaqlanması, sonra isə güllələnərək öldürülməsi, bundan sonra həmin kişinin özünü də öldürməsi faktının birbaşa psixoloji amillərlə bağlı olduğunu bildirib: "Yaşlı, həyat təcrübəsi olan ahıl şəxs belə hadisələri daha çox psixoloji gərginlik anında törədə bilər. Bundan əlavə, bir çox insanlar üçün gülməli səslənsə belə, bu yaş dövründə qısqanclıq da faciə yarada bilər. Qısqanclıq səviyyəsi patologiya həddinə çatıbsa, yaş dövründən asılı olmayaraq təhlükə qaçılmazdır".

Psixoloq hesab edir ki, əslində belə hadisələr yaşlı insanlar arasında nadir hallarda baş verir. Statistikaya görə, ailə münaqişəsi zəmində kriminal hadisələr daha çox gənc ailələrdə baş verir: "Yeni qurulmuş ailələrdə ilk 2 ildən 5 ilə qədər adaptasiya dövrü yaşanır. İki “mən” birləşərək “biz” olur. Adaptasiya düzgün getməyəndə stress yaranır. İşə böyüklər də qarışanda böyük münaqişələr baş verir".

Araşdırmalar sübut edir ki, intiharlar əsasən gənclər, xüsusilə də yeniyetmələr arasında daha çox baş verir. "Yeniyetməlik ən təhlükəli yaş dövrüdür. Çünki həmin yaş dövrünü yaşayanlar hadisələrin təsiri altına tez düşürlər. Bəzən intiharı xüsusi qəhrəmanlıq zənn edirlər, məsələn sevgisi uğuruna intihar etmək kimi. Bəzən valideynlərini qorxutmaq və ya öz şəxsiyyətini isbat etmək üçün də yeniyetmələr intihara əl atırlar. Bu səbəbdən də valideynlər diqqətli olmalıdırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR