QAT Gürcüstanın Azərbaycandakı səfirinə sorğu göndərib

QAT Gürcüstanın Azərbaycandakı səfirinə sorğu göndərib
# 31 yanvar 2014 11:21 (UTC +04:00)

Bakı - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanla Ermənistan arasındakı hərbi əməkdaşlığa dair məlumatlara aydınlıq gətirilməsi tələbi ilə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeyə sorğu göndərib.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəddə göstərilir: “Mətbuatda gedən məlumatlara görə, ölkənizin müdafiə nazirinin müavini Mixail Darçiaşvili başda olmaqla nümayəndə heyəti İrəvanda olub, işğalçı Ermənistanın hərbi rəhbərləri ilə birlikdə hərbi əməkdaşlığa dair geniş proqram hazırlanıb. Biz hesab edirik ki, özümüzə dost hesab etdiyimiz, bütün problemlərinə yardım göstərdiyimiz bir ölkənin işğalçı Ermənistanla bu cür hərbi əməkdaşlığa getməsi yolverilməzdir. Təmsil etdiyiniz ölkə bu hərəkətləri ilə işğalçı Ermənistana dəstək verir. Azərbaycan cəmiyyəti ölkənizin bu hərəkətini heç bir halda qəbul edə bilməz. Biz bu məsələyə aydınlıq gətirilməsini tələb edirik. Əgər ölkəniz işğalçı Ermənistanla hərbi əməkdaşlığı davam etdirəcəksə, biz Azərbaycan dövləti və cəmiyyətinin ölkənizə indiyədək olan xoş münasibətinin dəyişdirilməsi üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Yaxşı olar ki, vaxtında düşünüb, düzgün qərar qəbul edəsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR