Şəkidə ortaq türk tarixinin yazılması üzrə iclas keçirilib

Şəkidə ortaq türk tarixinin yazılması üzrə iclas keçirilib
# 23 iyun 2014 13:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Şəki Şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin alimlərindən ibarət “Ortaq Türk tarixinin yazılması” məsələsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

AMEA Tarix İnstitutdan APA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə institutun direktoru Yaqub Mahmudov açaraq keçən dövr ərzində ortaq türk tarixinin yazılması üzrə müəyyən edilmiş iki əsas məsələnin - “Türk dövlətlərinin tarixi” və “Türk dünyasının məşhur dövlət xadimləri və şəxsiyyətləri” mövzuları ilə bağlı görülən işlərin hazırkı vəziyyətinin müzakirə edilməsi və dəyərləndirilməsini təklif edib.

Aparılan fikir mübadiləsi zamanı qərara alınıb ki, “Türk dünyasının məşhur dövlət xadimləri və şəxsiyyətləri” mövzusu üzrə aparılan tədqiqatlar türk dünyasını daha da sıx birləşdirməli və bu birliyin möhkəmləndirilməsi işinə xidmət etməlidir. Hazırda Azərbaycan, türk, özbək və digər türk xalqlarının tarixin müxtəlif dövrlərində fəaliyyət göstərmiş görkəmli dövlət xadimləri, o cümlədən Əmir Teymur, Uzun Həsən, Sultan Mehmet Fateh, I Şah İsmayıl Səfəvi, I Sultan Səlim Yavuz, Sultan Süleyman Qanuni, I Şah Təhmasib Səfəvi, Nadir şah Əfşar və digər tanınmış dövlət xadimləri haqqında Azərbaycanda və Türkiyədə bəzi elmi və siyasi dairələr tərəfindən yanlış, tarixi həqiqətə uyğun olmayan, türk dünyası birliyinə zərbə vuran fikirlər təbliğ edilir və bu məşhur insanların şəxsiyyətlərinin təhqir edilməsi faktlarına rast gəlinir.

İclasda belə fikirlərin yanlış olması bildirilib və Heydər Əliyevin irəli sürdüyü “Bir millət - iki dövlət” prinsipinə və böyük Mustafa Kamal Atatürkün “Tarixi yazmaq tarixi düzəltmək qədər mühümdür. Yazan düzəldənə sadiq qalmazsa, dəyişməyən həqiqət insanı çaşdıracaq bir mahiyyət alacaq” fikrinə zidd olması qeyd olunaraq iştirakçılar tərəfindən pislənilib. İclasda hər iki tərəfdən bu mövzular üzrə hazırlanmış mətnlərin beş ay müddətində yenidən işlənilərək Təşkilat Komitəsinə təqdim edilməsi və yazılmış materialların ekspertizadan keçirilməsi haqqında qərar qəbul edilib.

İclasda həmçinin Dağıstandan olan görkəmli türkoloq alim Kamil Əliyevin Təşkilat Komitəsinə üzv seçilməsi haqqında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR