Azərbaycan və Almaniya hökumətləri arasında 370 mln. avro dəyərində maliyyə əməkdaşlığı sazişi imzalanıb

Azərbaycan və Almaniya hökumətləri arasında 370 mln. avro dəyərində maliyyə əməkdaşlığı sazişi imzalanıb
# 28 noyabr 2013 14:06 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycanın maliyyə naziri Samir Şərifov və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempelin imzaladığı sazişə əsasən, Almaniya hökuməti KfW bankı vasitəsi ilə Azərbaycana 370 mln. avroya qədər güzəştli kredit verəcək. Hökumətlərarası sazişə görə, bu vəsaitdən 220 mln. avro «Kommunal infrastruktur proqramı» və bununla da Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı proqram üçün nəzərdə tutulub. Eyni zamanda, «Bərpa edilən enerji və enerji səmərəliliyi üzrə açıq proqram» layihəsi üçün 130 mln. avro, «Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı» üçün isə 20 mln. avro ayrılacaq.

Sözügedən saziş KfW bankına Azərbaycan Maliyyə Nazirliyi ilə müvafiq ssuda və maliyyələşdirmə müqavilələrini bağlayaraq, xüsusilə Gəncə və Şəki şəhərlərində su təchizatı layihəsinin növbəti mərhələyə keçməsinə imkan yaradır.

İmzalanma mərasimində qeyd olunub ki, Azərbaycan və Almaniya 1993-cü ildən etibarən maliyyə əməkdaşlığı sahəsində uğurlu və qarşılıqlı etimad ruhunda əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Almaniya hökuməti birgə layihələri, o cümlədən Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının və çirkab suların axıdılmasının yaxşılaşdırılması, tullantıların ekoloji baxımdan təmiz idarə olunması və Gəncədə vahid kadastr sisteminin təkmilləşdirilməsi layihəsini dəstəkləyir. Bundan başqa, tərəflər bərpa edilən enerji və ətraf mühitin mühafizəsi, habelə maliyyə sahələrində birgə əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR