Tehran həbsxanasında 6 məhbus azərbaycanlı jurnalistə dəstək məqsədilə aclıq aksiyasına başlayıb

Tehran həbsxanasında 6 məhbus azərbaycanlı jurnalistə dəstək məqsədilə aclıq aksiyasına başlayıb
# 19 iyul 2013 11:41 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İyunun 18-dən etibarən Tehranın Evin həbsxanasının 350-ci bölümündə saxlanılan 6 əqidə məhbusu aclıq aksiyasına başlayıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, onlar məhbəs yoldaşları tanınmış azərbaycanlı jurnalist və fəal Səid Mətinpura dəstək məqsədilə belə bir etiraz yoluna əl atıblar. Bunlar Rza Şahabi Zəkəriyyə, Firidun Seydərad, Suruş Sabit, Səid Haəri, Vəhid Əli Qulipur və Səid Cəlalifərdir.

Onlar bildiriblər ki, S.Mətinpur heç bir dəlil olmadan və saxta ittihamlarla Evin həbsxanasının 240-cı bölümünün təkadamlıq kamerasına köçürülüb: “Biz azərbaycanlı fəalın lazımi dərmanlarla təmin edilməsini və həbsxanann həyətinə çıxmasına icazə verilməsini istəyirik. Çünki bu addımı qanunsuz sayır, onun sağlıq durumunun təhlükədə olduğunu hesab edərər iyulun 18-dən etibarən aclıq aksiyasına başladığımızı bildiririk. S.Mətinpur Evin həbsxanasının 350-ci bölümünə qaytarılmayanadək aksiyanı davam etdirəcəyik”. Məhbuslar həmçinin azərbaycanlı jurnalistin kəskin bel və mədə ağrılarından əziyyət çəkdiyini vurğulayıblar.

Qeyd edək ki, S.Mətinpur məhbəs yoldaşları Əmir Xosrov Dəlirsani, Hutən Dövləti, Siyamək Qadiri, Məhəmməd İbrahimi və İbrahim Babayi ilə birlikdə iyulun 16-da Tehranın Evin həbsxanasının 350-ci bəndində piket keçirib. Onlar məhbus yoldaşları doktor Əli Nəzərinin Tehranın Evin həbsxanasının xəstəxanasından Zabul zindanına sürgün olunmasına etiraz ediblər. Həbsxana məmurları isə buna cavab olaraq həmin məhbuslara 20 gün cəza veriblər və zindanın 240-cı bəndindəki təkadamlıq kameralara yerləşdiriblər.

Xatırladaq ki, S.Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. S.Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR