Deputat Qənirə Paşayeva parlamentdə MTN-ə rəsmi müraciət etdiyini açıqlayıb

Deputat Qənirə Paşayeva parlamentdə MTN-ə rəsmi müraciət etdiyini açıqlayıb
# 04 mart 2014 11:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Q. Paşayeva özü bildirib.

Deputat bildirib ki, müraciəti ona qarşı aparılan qara piar kampaniyası ilə bağlıdır: “Ölkədəki söz və mətbuat azadlığından istifadə edən bir qrup şəxs qərəzli kampaniyaya başlayıb. Müraciət etmişəm ki, mənə qarşı bu qara piar kampaniyanın arxasında dayananlar araşdırılıb üzə çıxarılsın. Lazım gəlsə, iddia olunanlara rəğmən mənim də fəaliyyətim araşdırılsın, buna da hazıram. Necə olur ki, bütün fəaliyyəti boyu Heydər Əliyev irsindən, Atatürk yolundan danışan, amma bir dəfə də Səid Nursinin adını dilinə gətirməyən adamın adı “nurçu” kimi hallandırılır?! Başqa ittiham olunan deputatlar özləri bilərlər, amma mən artıq qərar vermişəm və bu qara piar kampaniyanın, təbliğatın arxasında duran insanların dövlət tərəfindən tapılıb üzə çıxarılmasında qərarlıyam”.

Q. Paşayeva ona qarşı kampaniya aparılmasına Suriyaya gedən gənclərin qarşısının alınması ilə bağlı çıxışından sonra başlanıldığını da deyib.

Spiker Oqtay Əsədov isə deputata bildirib ki, bəzi məsələləri Milli Məclisin iclasda müzakirəyə çıxarmaq doğru deyil: “Müraciət etmisiniz, etmisiniz də. Daha onu niyə burada elan edirsiz?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR