İranın vitse-prezidenti istefa verib

İranın vitse-prezidenti istefa verib
# 30 yanvar 2014 13:14 (UTC +04:00)

APA-nın İSNA-ya isttinadən verdiyi məlumata görə, İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri, vitse-prezident Məhəmmədəli Nəcəfi səhhətində yaranmış problemlərdən dolayı tutduğu vəzifədən istefa verib.

Artıq onun istefası ölkə prezidenti tərəfindən də qəbul edilib və hətta Həsən Ruhani M.Nəcəfini yeni posta da təyin edib. Belə ki, M.Nəcəfi bundan sonra İran prezidentinin müşaviri və iqtisadi məsələlər üzrə koordinasiya şurasının katibi vəzifəsini icra edəcək.

H.Ruhaninin bununla bağlı imzaladığı sərəncamda deyilir: “Sizin dəyərli əməkdaşlığınız bizim üçün çox mühümdür. Ancaq sizin səhhətinizdə yaranmış problemlərdən dolayı təqdim etdiyiniz istefa ərizənizi qəbul edirəm. Mən sizə müvəffəqiyyətlər arzulayaraq zəhmətlərinizə görə təşəkkür edirəm. Eyni zamanda sizi İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri postunuzdakı işlərinizdən ötrü də təqdir edirəm. İran prezidentinin müşaviri və iqtisadi məsələlər üzrə koordinasiya şurasının katibi vəzifəsini də layiqincə icra edəcəyinizə inanıram”.

Qeyd edək ki, son günlər İran mətbuatında M.Nəcəfinin öz postunu tərk edəcəyi məsələsinin gücləndiyi və onun öz vəzifəsində qalıb-qalmamasına ölkə prezidenti Həsən Ruhaninin qərar verəcəyi barədə xəbər yayılıb. Hətta onun yerinə 7-8 namizəd sırasında İran prezidenti tərəfindən idman və gənclər naziri vəzifəsinə namizəd irəli sürülən, ancaq ölkə parlamenti tərəfindən etimad göstərilməyən Məsud Sultanifərdin də olduğu qeyd edilir. Ancaq H.Ruhaninin M.Nəcəfinin istefasına qarşı çıxdığı və onun öz müavinləri sırasında, həmçinin İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri vəzifəsində qalıb işini davam etdirməsini istədiyi qeyd olunub.

Hətta məsələyə münasibət bildirən İran rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib ki, M.Nəcəfi xəstəliyi səbəbindən ölkə prezidentinə yerinə başqa bir şəxsin təyin olunmasını xahiş edib: “İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri uzun müddətdir bununla bağlı Həsən Ruhanini razı salmağa çalışır”.

Ancaq M.Nəcəfi ötən gün vəzifəsindən istefa vermək niyyətində olmadığını açıqlayıb. Vitse-prezident öz postundan xəstəliyi səbəbindən getməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib: “Belə bir məsələ yoxdur və mənim İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri vəzifəsində qalıb-qalmayacağıma ölkə prezidenti qərar verəcək”.

Qeyd edək ki, ötən gün İranın birinci vitse-prezidenti İshaq Cahangirinin də istefa verməsi barədə xəbər yayılıb. Ancaq bu məlumat da sonradan rəsmi şəkildə təkzib edilib. İranda H.Ruhaninin rəhbərliyi altında yeni hökumət iş başına ötən il avqustun 4-də gəlib. Ancaq İran prezidenti öz kabinetini yalnız noyabrın 17-də tam formalaşdırmağa nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR