"Heydər Əliyev adına" fotoalbomunun təqdimat mərasimi keçirilib

"Heydər Əliyev adına" fotoalbomunun təqdimat mərasimi keçirilib
# 23 sentyabr 2013 11:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dövlət Gənc Tamaşaçılar Teatrında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə nəşr edilən "Heydər Əliyev adına" fotoalbomunun təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mədəniyyət xadimlərinin, millət vəkillərinin, ziyalıların iştirak etdiyi tədbirdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə mədəniyyət və incəsənət sahəsində görülən işlər haqqında məlumat verilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihə haqqında məlumat verib. Bildirib ki, nazirliyin fəaliyyəti çərçivəsində kitab çapı xüsusi vəzifə kimi qarşıya qoyulub: “Mədəniyyət və incəsənət müasir Azərbaycanın ən güclü silahlarından biridir. Biz yalnız son illərdə bir neçə Heydər Əliyev muzeyinin, mərkəzinin açılmağına nail olmuşuq. Bizim də kiçik töhfəmiz bu böyük işləri özündə əks etdirən fotoalbomu ərsəyə gətirməkdir”.

Millət vəkili Bahar Muradova kitab haqqında danışarkən bildirib ki, "Heydər Əliyev adına" fotoalbomu Mədəniyyət və Turizm Nazirliyinin uğurlu layihələrindəndir: "Bi kitabın hər səhifəsindən Azərbaycan sevgisi hiss olunur. Heydər Əliyevin böyüklüyünü göstərən onun Azərbaycan sevgisi idi. Bu topluda mədəniyyət sahəsinə daha çox diqqət yetirilib və bu da təbiidir. Çünki Heydər Əliyev Azərbaycan mədəniyyətinin dostu, qayğıkeşi olub”.

Tədbirdə xalq artistləri Ağadadaş Ağayev, Məleykə Əsədova və başqaları Heydər Əliyeva həsr olunan mahnı və şeirləri təqdim ediblər.

Kitabda Heydər Əliyevin ədəbiyyat, incəsənət və s. sahələrin nümayəndələri ilə görüşünü, dövlət əhəmiyyətli obyektlərin açılışı zamanı çəkilən fotoları əks olunub. Fotoalbomun layihə rəhbəri Əbülfəs Qarayev, məsləhətçisi Vaqif Əliyev, mətn müəllifləri Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR