Azərbaycanda rəsmi və qeyri-rəsmi yarışlarda avtomobillərə dəyən zərərə görə sığorta ödənişi verilməyəcək

Azərbaycanda rəsmi və qeyri-rəsmi yarışlarda avtomobillərə dəyən zərərə görə sığorta ödənişi verilməyəcək
# 10 iyun 2014 15:23 (UTC +04:00)

Bakı. Ramiz Mkayıloğlu - APA. Azərbaycanda sığorta şirkətləri avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi nəticəsində dəyən zərərlə bağlı sığorta təminatı verməyəcək.

APA-nın verdiyi məlumata görə, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsində əksini tapıb.

Sığorta təminatındakı məhdudiyyətlər avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması, sürücünün avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olmaqla idarə etməsi ilə bağlı dəyən zərəri də əhatə edir. Eyni zamanda hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, tətillər, vətəndaş müharibəsi, nüvə partlayışı, radioaktiv çirklənmə, dövlət orqanları tərəfindən avtonəqliyyat vasitəsinin daşınması, saxlanması və ya məhv edilməsi, sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, avtomobilin cinayət məqsədilə istifadə edilməsi, avtomobilin sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi, avtomobilin təyyarələrin enib-qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi nəticəsində dəyən zərər də sığorta təminatına daxil deyil.

Sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur. Sığorta şirkətləri avtomobil qəzaları ilə bağlı mənəvi zərərlə də bağlı ödəniş etməyəcəklər.

Bununla belə, sığorta təminatında yer alan hər hansı məhdudiyyət və ya məhdudiyyətlər xüsusi hal kimi tərəflərin razılığı ilə sığorta müqaviləsi üzrə sığorta təminatına daxil edilə bilər. Bu halda tərəflərin razılığı ilə sığorta müqaviləsinə daxil edilmiş məhdudiyyət və məhdudiyyətlərlə bağlı hallar baş verərsə, sığorta şirkəti avtomobil sahibinə sığorta ödənişi həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR