Azərbaycanın bölgələrinə qar yağır - VİDEO - YENİLƏNİB

Azərbaycanın bölgələrinə qar yağır - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 30 mart 2014 09:29 (UTC +04:00)

Bakı - APA. Bu gün səhər saatlarından Gəncəyə qar yağmağa başlayıb.

APA-nın qərb bürosunun məlumatına görə, ötən gün yağmağa başlayan yağış bu gün səhərdən qara çevrilib.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, qar şəhər təsərrüfatında heç bir çətinlik yaratmayıb. Avtomobillərin hərəkətində də heç bir çətinlik yaranmayıb.

Kənd təsərrüfatı mütəxəssisləri qarın aqrar sahəyə, xüsusən də meyvəçiliyə mənfi təsir göstərəcəyini bildirirlər. Belə ki, bu gün səhər temperaturun -1 dərəcəyə düşməsi bölgədə çiçək açan ərik, alça və digər meyvə ağaclarının məhsuldarlığını azalda bilər.

Qar hazırda küləklə davam edir.

Gəncə ilə yanaşı, Daşkəsən və Gədəbəy rayonlarına da qar düşüb.

Azərbaycanın şimal-qərb bölgəsinə də qar yağıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə edilir.

Martın 28-i və 29-u bölgəyə gün ərzində fasilələrlə yağış yağıb. Martın 29-u axşam saatlarından yenidən küləklə müşahidə olunan yağış yağmağa başlayıb. Martın 29-dan 30-a keçən gecə isə bölgəyə yağan yağış sulu qar və qara çevrilib.

Bölgədə qar ən çox Zaqatalada müşahidə edilir.

Martın 30-u səhər saat 09:00 radələrinə Zaqatalanın dağlıq Car, Axaxdərə, Kebeloba və Yuxarı Çardaqlar kəndlərinə 6-7 sm qalınlığında qar düşüb. Rayonun düzənlik ərazilərində isə 3-4 sm qalınlığında qar müşahidə edilir.

Bölgənin Balakən, Qax və Şəki rayonlarının da dağətəyi kəndlərinə 2-4 sm qalınlığında qar yağıb. Havanın temperaturu düzənliklərdə 0 +2, dağlıq ərazilərdə -2 -4 dərəcəyə qədər aşağı düşüb.

Kənd təsərrüfatı mütəxəssislərinin APA-ya verdiyi məlumata görə, yaz fəslində, ağacların tumurcuqlayan və çiçəkləyən dövründə qarın yağması müşahidə olunun haldır. Lakin havanın temperatur mənfi 4-5 dərəcədən aşağı düşərsə, erkən çiçəkləyən və tumurcuqlayan ağacların çiçək və tumurcuğunu şaxta vura bilər.

Qeyd edək ki, martın 29-dan 30-a keçən gecə bölgədə müşahidə olunun güclü külək səbəbindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarının bir sıra yaşayış məntəqələrini elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda sözügedən rayonların Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Güclü qar və külək respublikanın şimal bölgəsində bir sıra fəsadlar törədib. Şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndi ərazisinə düşüb. Burda qarın qalınlığının 22 sm olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisində isə 15 sm qalınlığında qar yağıb.

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Xaçmaz Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Yetkin Mehmanovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, Yergüc kəndi və Xudat şəhərində elektrik xətlərində açılmalar baş verib, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

Quba rayonunda da 18-dək kənd işıqsız qalıb. Quba FHK-nın sədri Yusif Abidov APA-ya bildirib ki, ərazidə müvafiq təmir briqadaları işləyir, digər sahələrdə ciddi problemlər yoxdur.

Güclü qar Qusarda isə 10 kəndini işıqsız qoyub. Qusar FHK-nın sədri Şahid Fərəməzov həmin kəndlərdən artıq 9-na elektrik enerjisinin verilişinin bərpa olunduğunu bildirib.

Qar davam edir.

Aran bölgəsində də güclü qar yağır. APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından Aran bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Küləklə müşahidə olunan qarın qalınlığı Ucar rayonunda artıq 1-2 santimetrə çatıb. Yağmağa davam edən qar elektrik təsərrüfatına ciddi ziyan vurub.

Ucar Paylayıcı Elektrik Şəbəkəsindən verilən məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar 23 elektrik dirəyi aşıb, bəzi yerlərdə naqillər qırılaraq sıradan çıxıb.

Bu səbəbdən rayonun 80%-nə enerjinin verilişi dayandırılıb. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, şəbəkənin əməkdaşları ərazidə təmir-bərpa işləri aparırlar.

Qarabağ bölgəsində də gecədən güclü külək və qarlı hava şəraiti müşahidə olunur.

Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Beyləqan rayonlarına xeyli qar yağıb ki, bu da kənd təsərrüfatına ciddi ziyan vurub.

Güclü külək və qarın çiçəkləyən meyvə ağaclarının məhsuldarlığına ciddi təsir göstərəcəyi bildirilir.

Bununla yanaşı, bölgədə bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb. Fərdi yaşayış evlərinə və başqa tikililərə zərər dəyib-dəymədiyi haqda hələlik məlumat yoxdur.

Qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR