Azərbaycan Avropa Gənclər Klubları Konfederasiyasına tamhüquqlu üzv olub

Azərbaycan Avropa Gənclər Klubları Konfederasiyasına tamhüquqlu üzv olub
# 28 oktyabr 2013 13:39 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Avropa Gənclər Klubları Konfederasiyasına tamhüquqlu üzv olub.

APA-nın məlumatına görə, Avropa Gənclər Klubları Konfederasiyası Avropa məkanında ən aktiv beynəlxalq təşkilatlardan biridir. 20-dən artıq Avropa ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir.

Ötən gün Kiprin Limassol şəhərində qurumun Baş Assambleyası və idarə heyətinin yekun iclasında Azərbaycanın Konfederasiyadakı statusu müzakirəyə çıxarılıb. Müzakirələr zamanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi ətraflı təqdimat edib və üzv ölkələrin nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Daha sonra mərkəzin nümayəndəsinin iştirakı olmadan qapalı müzakirələr aparılmış və səsvermə keçirilib. Nəticəyə əsasən Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan adından quruma tamhüquqlu üzvlüyü təsdiq olunub.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin sözlərinə görə, Konfederasiyaya tamhüquqlu üzvlükdən öncə müşahidəçi və assosiativ üzv olmaq vacib şərtdir. Təşkilatların göstəriciləri nəzərə alınmaqla, hər bir üzvlük statusunu almaq üçün ən azı 2 il gözləmək lazımdır. Lakin Gənclər üçün Təhsil Mərkəzi bir sıra göstəricilərinə görə ötən ilin iyun ayında birbaşa assosiativ üzv qəbul edilib. Üzərindən 2 il keçməmiş Mərkəzi tam hüquqlu üzv kimi bu quruma qəbul etdilər. Ermənistan nümayəndəsinin də təmsil olunduğu Assambleyada iştirakçıların hamısı Mərkəzin lehinə səs veriblər.

Qeyd edək ki, yaxın günlərdə Mərkəz bu nüfuzlu quruma üzv olması ilə bağlı təqdimat mərasimi keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR