ARDNŞ “Euro-4” və “Euro-5” ekoloji standartlarına keçidi sürətləndirir

ARDNŞ “Euro-4” və “Euro-5” ekoloji standartlarına keçidi sürətləndirir
# 29 aprel 2014 07:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində “Euro-3”, “Euro-4” və “Euro-5” standartlarına keçidin sürətləndirilməsinə dair tədbirlərin icrası ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələrində mühüm işlər görülür.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş layihələrin icrası sürətləndirilib və bir neçə layihənin icrasına start verilib.

İtaliyanın “Foster Wheller” şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq 21 nömrəli ED-AVQ-6 qurğusunun məhsuldarlığının ildə 7,5 mln. tona çatdırılması, emissiyaların maksimum azaldılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi istiqamətində layihənin növbəti mərhələsinə başlanılıb.

Bundan başqa, ABŞ-ın UOP şirkəti tərəfindən zavodun 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 3 mln. tona çatdırılması üçün layihələndirmə işlərinə başlanılıb. Eyni zamanda ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və yüngül benzin fraksiyaların kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP şirkətinin texnologiyası əsasında “Meroks” qurğularının tikintisi də layihələndirilir. Hazırda “EDL/Porner” şirkəti tərəfindən “Azərneftyağ” neft emalı zavodundan ED-AVQ-2 və bitum qurğularının H.Əliyev adına BNEZ-ə köçürülməsinin texniki iqtisadi əsaslandırılması aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR