Putin: “Rusiya Ukrayna ilə bağlanılan sazişlərə yenidən baxmayacaq”

Putin: “Rusiya Ukrayna ilə bağlanılan sazişlərə yenidən baxmayacaq”
# 28 yanvar 2014 21:49 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin ötən gün Brüsseldə Rusiya-AB sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Ukraynaya kreditin verilməsi və qazın qiymətinin tədricən aşağı endirilməsi hansısa konkret hökuməti yox, ilk növbədə, Ukrayna xalqını dəstəkləmək zərurəti və niyyəti ilə bağlıdır”, deyə Rusiya prezidenti qeyd edib. Onun sözlərinə görə, Ukrayna tərəfi qaza görə indiyədək olan ödənişləri və 2014-cü il üzrə olacaq ödənişləri təxirə salmağı xahiş edib. “Bu gəlirlər isə Qazpromun investisiya planlarına daxildir”, deyə Putin əlavə edib.

Rusiya prezidenti həmçinin “Şərq Tərəfdaşlığı” proqramına toxunaraq, qeyd edib ki, Rusiya və AB ümumi qonşuları olan ölkələrin sabit olmalarında maraqlıdırlar.

“Şərq Tərəfdaşlığı proqramı ətrafında səmimi fikir mübadiləsi oldu. Biz ümumi qonşularımız olan ölkələrin sabitliyində və çiçəklənməsində maraqlıyıq”, deyə Putin qeyd edib. Onun sözlərinə görə, bu dövlətlər AB ilə fəal əməkdaşlıq etməklə yanaşı Rusiya ilə tarix boyu formalaşmış sıx əlaqələri qoruyub saxlamağa çalışırlar.

“Onlara bu işdə, sözsüz ki, yardım etmək lazımdır. Lakin yeni ayırıcı sədlərin yaradılması yolverilməzdir. Əksinə, vahid Avropanın qurulmasında birgə çalışmaq lazımdır”, deyə Putin Ukrayna məsələsini şərh edərkən qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR