Hicran Hüseynova: “Dövlətin erkən nikah və məişət zorakılığına qarşı mübarizəsinin nəticələri görünür”

Hicran Hüseynova: “Dövlətin erkən nikah və məişət zorakılığına qarşı  mübarizəsinin nəticələri görünür”
# 14 iyun 2013 08:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının IV Qurultayında çıxışında deyib. H. Hüseynova bildirib ki, bu problemlər bütün ölkələrdə var, bəziləri çox səhv olaraq məişət zorakılığını Azərbaycanın milli xüsusiyyəti kimi təqdim edir. Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Qadına qarşı zorakılığa haqq qazandırmaq üçün adət-ənənə və mentalitetdən istifadə etmək əxlaq qaydalarına ziddir" sözləri belə düşüncəyə malik olan insanlara birmənalı cavabdır: “Bu ciddi problemin qarşısının alınması və profilaktikası dövlət başçımızın və hökumətin diqqət mərkəzindədir. Bununla əlaqədar, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “İyirmi birinci əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəsi bu məsələnin həllinə yönəlib. Bu çox mühüm məsələnin qanunvericilikdə tənzimlənməsi üçün Mehriban Əliyevanın millət vəkili kimi təşəbbüsü ilə Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib və bu qanun ölkə prezidenti tərəfindən imzalanıb. Dövlətin erkən nikah və məişət zorakılığı ilə mübarizə tədbirlərinin ilk müsbət nəticələri artıq özünü göstərir. Məsələn, 2011-ci ildə 15-17 yaşlı gənc analar tərəfindən doğulan uşaqların sayı 4392 olub. 2012-ci ildə isə onların sayı 3236 nəfərə enib. Məişət zorakılığı ilə bağlı cinayətlər 2011-ci ildə 2043, 2012-ci ildə isə 1514 olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR