Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Beynəlxalq Bankı «Pensiya+» layihəsinin təqdimatını keçirib - VİDEO

Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Beynəlxalq Bankı «Pensiya+» layihəsinin təqdimatını keçirib - <span style="color: red;">VİDEO
# 28 yanvar 2014 10:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən reallaşdırılan «Pensiya+» birgə layihəsinin təqdimatı keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, təqdimatda çıxış edən Fondun sədri Elman Mehdiyev bəyan edib ki, hazırda ölkədə pensiya verilmə prosesində heç bir problem olmasa da, pensiyaçılar tərəfindən kartlarını yalnız pensiyaların nağdlaşdırılması üçün istifadə etməsi müşahidə olunur.

Lakin aydındır ki, bank kartı, o cümlədən pensiya kartının imkanları daha genişdir və bu imkanlar pensiyaçılar üçün daha rahat hesablaşmaq şəraiti yarada bilər. E.Mehdiyev vurğulayıb ki, «Pensiya+» layihəsinin əsas məqsədlərindən biri də pensiyaçılar tərəfindən nağdsız hesablaşmaların genişləndirilməsidir. Sözügedən layihə çərçivəsində ABB tərəfindən xidmət olunan pensiyaçıların kartlarına pensiyadan əlavə olaraq minimum 100 manat, maksimum isə pensiyanın bir misli məbləğində Azərbaycan Beynəlxalq Bankı tərəfindən faizsiz borc yükləniləcək. Lakin bu vəsaitlər yalnız nağdsız alış-verişdə Bankın tərəfdaşı olan ticarət və xidmət şəbəkələrində istifadə oluna bilər. İstifadə olunan vəsaitlər növbəti pensiya yüklənəndə silinəcək və bu limit yenidən istifadə oluna bilər.

ABB-nin baş direktoru Elmir Həbibullayevin sözlərinə görə, pensiyaçılar borc limitini aktivləşdirmək üçün Bankın ərazi filialına yaxınlaşmalıdır. E.Həbibullayev bəyan edib ki, layihənin icrasına 2014-cü il fevralın 1-dən başlanacaq və ilk mərhələdə Bakının Nəsimi və Səbail rayonlarını əhatə edəcək. Tədricən layihənin əhatəsi genişləndiriləcək və ABB tərəfindən xidmət olunan bütün pensiyaçıları əhatə edəcək. Eyni zamanda layihədə iştirak edən ticarət və xidmət şəbəkələrinin sayı və dairəsi genişləndiriləcək. Hazırda bu siyahıda bir sıra supermarket, apteklər, tibb müəssisələri yer alıb. E.Habibullayev bir daha vurğulayıb ki, ayrılan limit üzrə heç bir faiz və ya komisyon haqq tutulmayacaq.

Qeyd edək ki, DSMF və ABB rəhbərliyinin fikrincə, bu layihənin reallaşdırılması ölkədə nağdsız hesablaşmaların inkişafına dəstək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR