Bank Of Baku

Almaniya Yaşıl Enerji Dəhlizi layihəsinə dəstək verməyə hazırdır

Kristina Haverkamp

© APA | Kristina Haverkamp

# 06 oktyabr 2026 11:43 (UTC +04:00)

Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq potensialından danışarkən hesab edirəm ki, enerji sektorunda bir sıra iri layihələr üçün böyük imkanlar var.

“APA-Economics” xəbər verir ki, bu barədə Almaniya Enerji Agentliyinin idarəedici direktoru Kristina Haverkamp “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, hazırda Almaniyada elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı 60%-ə çatır: “Bu isə o deməkdir ki, biz bərpa olunan enerjinin istehsalı ilə yanaşı, bu enerjinin ötürmə şəbəkəsinə inteqrasiyası sahəsində də böyük təcrübəyə malikik.

Bu, əməkdaşlıq üçün əsas istiqamətlərdən biridir. Bizim həm təcrübəmiz, həm də texnologiyalarımız var. Buraya rəqəmsallaşmanı da əlavə etmək lazımdır. Çünki yeni kabellər çəkmədən ötürmə gücünü artırmaq istəyirsinizsə, rəqəmsallaşma getdikcə daha mühüm rol oynayır.

O həmçinin texniki xidmət və istismar işləri sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb: “Çünki yalnız elektrik şəbəkəsini qurmaq kifayət deyil, onu texniki cəhətdən saz vəziyyətdə saxlamaq da lazımdır. Bu sahədə Almaniyada böyük təcrübə və ekspertiza mövcuddur. Hesab edirəm ki, potensialın inkişaf etdirilməsi və təlimlər istiqamətində də daha güclü əməkdaşlıq olmalıdır. Hər iki tərəf bir-birindən öyrənə və təcrübə mübadiləsi apara bilər. Xüsusilə gənclərin bu prosesə cəlb olunması baxımından bu, çox əhəmiyyətlidir.

O qeyd edib ki, bu baxımdan, bağlantı məsələləri ilə bağlı Avropa qayda və tənzimləmələri sahəsində agentliyin böyük təcrübəsi var: “Bunlar şəbəkə kodeksləri adlandırılan qaydalarla da sıx bağlıdır. Bu, kifayət qədər mürəkkəb qaydalar toplusudur.

Lakin Avropa İttifaqına elektrik enerjisi ixrac etmək istəyirsinizsə və Yaşıl Enerji Dəhlizinin son təyinat məntəqələri Bolqarıstan və Macarıstan olacaqsa, bu qayda və tənzimləmələri bilmək vacibdir.

Düşünürəm ki, məhz bu sahədə təmsil etdiyim qurum belə bir layihəyə dəstək göstərə bilər. Biz bu layihəni çox maraqlı hesab edirik. Almaniya hazırda elektrik enerjisinin xalis idxalçısına çevrilib və iqlim neytrallığına nail olmaq istəyir. Buna görə də imkan yaranarsa, biz bu enerjini əldə etməkdə maraqlıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR