Rusiya Ukrayna-NATO təlimləri ilə əlaqədar hava hücumundan müdafiə və aviasiya qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib

Rusiya Ukrayna-NATO təlimləri ilə əlaqədar hava hücumundan müdafiə və aviasiya qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib
# 02 sentyabr 2015 14:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya ölkənin cənubundakı hava hücumundan müdafiə qoşunlarını və aviasiya qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Qara dəniz hərbi donanmasının da iştirakı ilə Rusiya Cənub Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qoşunları və aviasiya qüvvələrinin 25-ə yaxın bölmələri şərti düşmənin hava hücumunu məhv etmək tapşırığını yerinə yetirəcəklər”, - deyə məlumatda bildirilib.

Rusiya Hava Hücumundan Müdafiə Qoşunları "C-300", "Strela-10", "Tor", "Osa" zenit raket komplekslərinin iştirakı ilə təlim-döyüş tapşırığını yerinə yetirəcəklər. Təlim-döyüş tapşırığının yerinə yetirilməsi sentyabrın 3-dən 4-nə kimi həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ hərbi donanması başda olmaqla Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, Yunanıstan, İngiltərə, İtaliya, İsveç və Moldova hərbi gəmiləri Ukraynanın iştirakı ilə Qara dənizdə geniş miqyaslı hərbi təlimlərə başlayıb. Ukraynanın Odessa və Nikolayev vilayətlərində 2500 hərbçi və 150-dən çox döyüş texnikasının iştirakı ilə keçirilən hərbi təlim sentyabrın 12-dək davam edəcək. ABŞ tərəfi təlimlərdə iştirak etmək üçün 1000 hərbçi, 5 hərbi gəmi, 2 sualtı gəmi və 6 ədəd qırıcı təyyarə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR