Azərbaycan sığorta bazarı son bir ildə 34% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 34% artıb
# 13 mart 2013 13:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 78,756 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 33,8% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 69,6% artaraq 16,214 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 29% artaraq 62,380 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,6 dəfə artaraq 10,408 mln. manata, qeyri-həyat sığortası üzrə 17,4% artaraq 51,972 mln. manata çatıb. İcbari sığorta növləri üzrə isə daxilolmalar 54,7% artaraq 16,376 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (28,691 mln. manat), «Həyatın yaşam sığortası» (9,804 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (7,641 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (7,641 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (4,404 mln. manat), «Hava nəqliyyatı vasitələrin sığortası» (3,667 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (3,340 mln. manat), «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (2,445 mln. manat) növləri üzrə toplanıb.

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 87,314 min manata bərabər olub ki, bu da illik müqayisədə 64,1% çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 27,4% artaraq 10,697 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə ödənişlər 27,8% artaraq 10,784 mln. manat, icbari sığorta növləri üzrə isə 4,9 dəfə artaraq 5,430 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (5,786 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (3,934 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (3,565 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR