Bu gün Riqada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin görüşü keçiriləcək

Bu gün Riqada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin görüşü keçiriləcək
# 19 may 2015 08:16 (UTC +04:00)

Bakı – APA. Bu gün Riqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilatçılığı ilə liderlərin növbəti iclası öz işinə başlayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına və bu ilin aprelində keçirilmiş III Qlobal Bakı Forumunun nəticələrinə dair müzakirələr aparacaqlar.

İki gün davam edəcək toplantıda Avropa Qonşuluq Siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, Qonşuluq siyasətinin həyata keçirilməsinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski və Albaniyanın sabiq prezidenti Recep Meydani iştirak edəcəklər. Müzakirələrə Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Sloveniyanın keçmiş prezidenti Danilo Turk, Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko, Latviyanın eks-prezidenti Valdis Zatlers də qatılacaq.

Qeyd edək ki, mayın 18-də axşam toplantı iştirakçılarının şərəfinə ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR