Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb

Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb
# 28 aprel 2015 08:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb.

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımlarının, erməni təcavüzlərinin araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılması məqsədi ilə keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən 2014-cü il 25 noyabr tarixində təsdiq edilmiş “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair” Fəaliyyət Planına uyğun olaraq həyata keçirilən müsabiqə on min manatadək qrantların verilməsi yolu ilə alimlərin xarici ölkələrin arxivlərində işləmək üçün icra müddəti bir ayadək olan layihələrinin maliyyələşdirilməsini nəzərdə tutur.

6 qalib layihə üzrə AMEA-nın Şərqşünaslıq, Tarix və Folklor institutlarından, həmçinin Bakı Dövlət Universitetindən olan təcrübəli alimlər Türkiyə və Rusiyanın arxivlərində aşağıdakı mövzular üzrə araşdırmalar aparacaqlar:

“1905-1920-ci illərdə Qarabağda ermənilər tərəfindən törədilən qırğınlar Osmanlı arxiv sənədlərində”

“1829-1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”

“Qarabağ komendantı (Xan qızı Xurşudbanu Natəvanın həyat yoldaşı) general Usmiyevin Qarabağdakı fəaliyyətinin Dağıstanda araşdırılması”

“Erməni soyqırımı: sənədlər və faktlar”

“Birinci Dünya müharibəsi illərində Rusiya-erməni əlaqələri və Qarabağda erməni terroru”

“Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadoluda və Qarabağda törətdikləri qətliamlar arasında təşkilati əlaqəyə dair"

Layihə üzrə nəticələrin seminar şəklində təqdimatı və kitab şəklində nəşri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR