Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva ilə görüş keçirilib - FOTOSESSİYA

Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva ilə görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 sentyabr 2015 20:02 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Azərbaycan Parlamentinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov açaraq Qənirə Paşayevanın həmişə Gürcüstanın dostu olduğunu və bu ölkənin "Şərəf" ordeninə layiq görüldüyünü, həmçinin Marneuli şəhərinin fəxri vətəndaşı olduğunu da qeyd edib.

Görüşdə çıxış edən Qənirə Paşayeva gürcü və Azərbaycan xalqlarının dostluğundan danışıb: "Gürcü xalqı ilə bizi tariximiz, mədəniyyətimiz, qonşuluq əlaqələri, çoxəsrlik dostluq telləri bağlayır".

Sonra tədbirdə Q.Paşayeva bu günlərdə Bakıda fəaliyyət göstərən "Elm və təhsil" nəşriyyatında nəşr olunan və müəllifi əslən Bolnisidən olan Əli Xəlillinin hazırladığı "Azərbaycanca-gürcücə lüğət" kitabını tədbir iştirakçılarına təqdim edib. O, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşəbbüsü və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və "SOCAR Energy Georgia MMC"nin dəstəyi ilə nəşr olunan kitabın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qənirə Paşayeva yeni çap olunan lüğətdən peşəkar tərcüməçilər, yazarlar, qarşılıqlı əlaqələrimizdən yararlanan insanlar, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycanda təhsil alan gürcü vətəndaşlar və azərbaycanlı məktəblilərin bu faydalı kitabdan səmərəli şəkildə istifadə edəcəklərini qeyd edib. Qənirə Paşayeva 2 mindən çox kitabın universitet tələbələrinə, azərbaycandilli məktəblərə, kitabxanalara, mədəniyyət mərkəzlərinə pulsuz olaraq paylanılacağını bildirib. O, kitabın ingilis dilində də nəşr olunacağını da qeyd edib.

Görüşdə çıxış edən Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili gürcü və Azərbaycan xalqlarının bir ağacın eyni kökü olduğunu bildirib: "Biz eyni ağacların kökləriyik. Biz bu kökləri ayırmamalıyıq. Biz əlaqələrimizi və qarşılıqlı münasibətlərimizi daha da genişləndirməliyik. Bütün dünya bizim bu əməkdaşlıq və sıx dostluq münasibətlərimizi görməli və nümunə götürməlidir. Biz gələcəkdə də dostluğumuzun möhkəmlənməsi üçün daha çox çalışmalıyıq".

Qubernator görüşdə təqdimatı keçirilən "Azərbaycanca-gürcücə lüğət" kitabının nəşrinə də münasibət bildirib: "Bu kitab üçün biz Qənirə Paşayevaya təşəkkürümüzü bildiririk. Bizim regionda azərbaycanlılar daha çoxdur. Bu kitabın təməli böyükdür və daşdan da möhkəmdir. Düşünürəm ki, bizim əlaqələrimiz yalnız kitabla yox, daha da möhkəm və mənalı əlaqələrlə möhkəmlənəcək".

Görüşdə Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili tezliklə Marneulidə yeni kitabxananın tikintisinin başa çatacağını bildirib və qeyd edib ki, kitabxanada Qənirə Paşayevanın kitabları da kitabxanada yer tutacaq.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev tezliklə Azərbaycanda keçirilən seçkilərdə Qənirə Paşayevanın yenidən Milli Məclisə üzv seçiləcəyinə və səmərəli fəaliyyətinə davam edəcəyinə ümid etdiyini bildirib. O, Tovuz və Dmanisi rayonlarının qardaşlaşmış rayonlar olduğunu qeyd edib: "Mən bir parlament deputatı kimi məsuliyyətlə deyirəm ki, bu gün Gürcüstan-Azərbaycan münasibətləri həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə ən yüksək səviyyədədir. Bu əlaqələr həmçinin Qənirə Paşayevanın təqdirəlayiq əməyi sayəsində bu səviyyəyə çatıb. Bizim möhkəm dostluğumuzu heç kim sarsıda bilməz".

Deputat Mahir Dərziyev görüşdə azərbaycanlıları narahat edən problemlərdən də danışıb: "Biz azərbaycanlıları narahat edən problemlərdən də danışmalıyıq. Biz qətiyyətlə bu problemləri aradan qaldıra bilərik. Bu gün ən böyük problem azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya problemidir. Bu inteqrasiya həm də təhsildən keçir. Biz təhsil məsələlərində Azərbaycan dövlətinin yardımına, dəstəyinə ümid bəsləyirik".

M. Dərziyev "Azərbaycanca-gürcücə lüğət" kitabının azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya prosesinə kömək olacağını da bildirib.

Görüşdə həmçinin Qənirə Paşayevanın "Sağlamlığın öz əlində..." adlı kitabının təqdimatı da baş tutub. Müəllif yeni kitabını öz imzası ilə oxuculara və tədbir iştirakçılarına hədiyyə edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Kvemo Kartli bölgə qubernatorunun müavinləri, Marneuli rayon bələdiyyəsinin sədri, ziyalılar, jurnalistlər, gənclər, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR