ARDNŞ-də insan resurslarının idarə edilməsi sahəsində görülən işlərə həsr olunmuş geniş müşavirə keçirilib

ARDNŞ-də insan resurslarının idarə edilməsi sahəsində görülən işlərə həsr olunmuş geniş müşavirə keçirilib
# 23 oktyabr 2014 07:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Nüft Şirkətində insan resurslarının idarə edilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə şirkətin strukturunun təkmilləşdirilməsi, apardığı kadr siyasəti, bu məqsədlə yaradılmış İnsan Resurslar Departamentinin fəaliyyətindən danışıb, kadr seçiminin obyektiv və şəffaf aparıldığını diqqətə çatdırıb, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Təqdimatla çıxış edən İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, hazırda departament qarşısında duran əsas məqsəd tələb olunan vakant yerlər üzrə savadlı, səriştəli və peşəkar kadrların seçilməsi, bu prosesin ədalətli və şəffaf keçirilməsidir. İnsan resurslarının idarə edilməsi müəssisə daxilində insan resurslarının planlanması, bunun üçün lazımi iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri əlaqələndirilir. ARDNŞ-nin insan resurslarının səmərəli idarə edilməsi, o cümlədən kadrların seçilməsi, hazırlanması, işə qəbulu, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, habelə bununla əlaqədar digər işlərin görülməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, müvafiq standartlar və digər daxili normativ sənədlər qəbul edilib.

A. Bəkirli qeyd olunan normativ sənədlərin tələblərindən irəli gələrək ARDNŞ üzrə həyata keçirilmiş işə qəbul, başqa işə keçirilmə, təlim ehtiyaclarının müəyyənləşdirilməsi, həmçinin insan resurslarının daha səmərəli idarə edilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında geniş söz açıb. O, qeyd etmişdir ki, son bir ildə 3 433 nəfər ARDNŞ-nin idarə və müəssisələrinə işə qəbul olunub ki, bunun da 2 962 nəfəri yerli strukturlar, 471 nəfəri isə İnsan Resursları Departamenti tərəfindən həyata keçirilib. İşçilərin yerdəyişməsi ilə bağlı isə son bir ildə 31 630 əməliyyat icra olunub. Bu əməliyyatların 218-i departament tərəfindən həyata keçirilib. Həmin dövrdə 104 nəfər üzrə aparılmış yerdəyişmə əməliyyatı qanunvericiliyə zidd olduğu üçün pozuntu kimi qiymətləndirilib.

Sonda mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edilmiş, təkliflər dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR