Bakıda kirayə evlərin qiyməti 4% ucuzlaşıb

Bakıda kirayə evlərin qiyməti 4% ucuzlaşıb
# 04 iyul 2014 12:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Bakının kirayə mənzil bazarında aktivliyin artması nəticəsində qiymətlər 748 dollar/mənzildən 0,53% artaraq 752 dollar/mənzil, bazarda əməliyyatların sayı isə 170-dən 1,76% artaraq 173 ədəd təşkil edib.

Paytaxtda daşınmaz əmlak bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hər kv.m-ə görə isə kirayə haqqı 4% azalaraq 11,87 dollar/kv.m-dən 11,39 dollar/kv.m-ə düşüb. Lakin, nəzərə alsaq ki, may ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində artım qeydə alınıb, o zaman hər kv.m-ə görə qeyd edilən azalmanı normal hesab etmək olar. May ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı 5,3% artaraq 21,2%, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə 16,7% azalaraq 29,1% olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq 24,8% azalaraq 49,7% təşkil edib.

Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olmuş, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.

Bu ilin may ayında kirayə mənzil bazarında təklifin həcmi 21,2% azalaraq 189 mənzil təşkil edib. Təklif portfelində azalma bazarda aktivliyin tədricən artması ilə izah edilir. Ay ərzində xüsusən də təklif portfelində daha çox orta qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin yuxarı olması ilə bağlı olub.

Bu ilin may ayı ərzində təklif portfelinin strukturunda da dəyişiklik qeydə alınıb. Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000 dollardan yuxarı olan mənzillərin 80-85%-i mərkəzi rayonlarda, yəni I və II zonalarda təklif edilib. Qalan 15-20%-in mütləq hissəsini isə şəhərin III və IV zonalarında yerləşən mənzillər təşkil edib. Yalnız 1 otaqlı mənzillərin sayında artma qeydə alınıb, qalan mənzillərin hamısında isə azalmalar olub.

May ayında bahalı və orta qiymətli mənzillərin qiymətində və sayında azalma müşahidə edilib. Portfel strukturunda və qiymətlərdə belə dəyişiklik, bazarda yaranmış yaz-yay fəslinə xas olan durğunluğun nəticəsidir. Təklif portfelinin zonalar üzrə bölgüsündə IV zonadan fərqli olaraq I, II və III zonalarda azalma müşahidə edilib. Əhalinin əksər hissəsinin III və IV zonaya maraq verdiyindən, I və II zonalarının təklif portfelində payı stabil olaraq qalıb.

Mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib. Əgər ötən ilin may ayında kirayə mənzil bazarında orta qiymət 736,0 dollar/mənzil və ya 11,29 dollar/kv.m təşkil edirdisə, 2014-cü ilin müvafiq ayında qiymət 752 dollar/mənzil və ya 11,39 dollar/kv.m təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində 1,63%, 1 kv.m sahənin kirayə qiymətində isə 0,89% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində artım ali təhsil ocaqlarında qəbul imtahanlarının sona yaxınlaşması ilə izah edilir.

Ay ərzində zonalar üzrə də qiymətlər fərqli formalaşıb.

Zonalar

mart 2014

may 2014

artım, %

I zona

15,51

14,50

-6,5

II zona

11,33

11,15

-1,6

III zona

10,38

9,49

-8,6

IV zona

5,11

5,63

10,2

Şəhər üzrə

11,87

11,39

-4,0

Mənzillərin orta sahəsi də ay ərzində uyğun olaraq artım müşahidə edilib. Belə ki, “Kütləvi” və “biznes” yaşayış mənzillərinin kirayə qiymətlərindən uyğun olaraq “elit” evlərin kirayə qiymətlərində və əqdlərin sayında da artımlar müşahidə edilib. Ay ərzində “kütləvi” yaşayış mənzillərindən fərqli olaraq “biznes” və “elit” mənzillərin kirayə qiymətlərində ötən aya nisbətdə ciddi dəyişiklik qeydə alınmayıb. Ay ərzində kirayə mənzil bazarında orta qiymətin artması bazarında təklif olunan mənzillərin sahəsinin artması və bahalı mənzillərin təklif portfelində paylarının çoxalması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR