Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyun

<b>Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyun</b>
# 04 iyun 2016 18:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına 6 gün qalır. "Avro - 2016" ərəfəsində yarışların baş tutacağı ölkədə təbii fəlakətin yaşanması ev sahiblərinin qayğısını artırıb. Paytaxt başda olmaqla bəzi bölgələr də sel suları altındadır.

Təbiət hadisəsidir, bunu heç kəs proqnozlaşdıra bilməzdi. Həm də sonuncu belə hadisə Fransada təxminən bir əsr öncə qeydə alınıb. Amma proqnozlaşdırılan daha ciddi fəlakət var - terror. Nəzərə alsaq ki, Avropaya Yaxın Şərq ölkələrində baş verən hadisələrə görə köç edən insanların bir hissəsi Fransada məskunlaşıb və onların içində terrorçuların da olması istisna deyil, bu fəlakətin baş verəcəyini də mümkün hesab etmək olar. Elə bu gün Ukraynada futbol matçları zamanı terror törədəcəyi ehtimal edilən şəxsin həbs edilməsi bunun siqnalı sayıla bilər.

Digər böyük tədbir isə təxminən bir ay sonra Polşa paytaxtında keçiriləcək. Söhbət təhlükəsizlik tədbirlərinin daha güclü təşkili altında baş tutacaq NATO-nun Varşava sammitindən gedir. Alyansın son vaxtlar Rusiya ilə münasibətləri yenidən gərginləşib. Bu gərginliyin səbəbi NATO-nun Şərqi Avropada genişlənməsi, Rusiya sərhədlərində hərbi infrastruktur yaratması, o ərazilərdə təlimlərin keçirilməsidir. Bundan əlavə, Polşanın demək olar ki, hər gün Rusiyaya qarşı yönələn açıqlamaları, konkret atdığı addımlar Moskvanı ikiqat qıcıqlandırır. Polşa da Fransa kimi ev sahibi məsuliyyətini daşıyır. Bu gün adı çəkilən ölkənin Rusiya ilə sərhəddə nəzarəti və yoxlamaları gücləndirməsi şərqdən gələ biləcək təhlükədən sığortalanmaq niyyəti ilə həyata keçirilir.

Və ən əsası, bir neçə gün öncə ABŞ Dövlət Departamentinin məhz bu iki ölkəyə terror xəbərdarlığı etməsidir. Vaşinqtonun bu cür xəbərdarlıqları əbəs yerə vermədiyi bir neçə dəfə özünü doğruldub. Təkcə Paris, Ankara, İstanbul terrorları öncəsini xatırlasaq, bəs edər...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR