Hesabat: İnsan haqlarının müdafiəsi və təşviqi Azərbaycan hökuməti üçün prioritet sayılır

Hesabat: İnsan haqlarının müdafiəsi və təşviqi Azərbaycan hökuməti üçün prioritet sayılır
# 17 aprel 2013 12:51 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “İnsan haqlarının müdafiəsi və təşviqi Azərbaycan hökuməti üçün prioritet sayılır”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycan hökumətinin BMT İnsan Haqları Şurasına təqdim etdiyi milli hesabatda öz əksini tapıb. Hesabat BMT İnsan Haqları Şurasının 22 aprel – 3 may tarixində Cenevrədə keçiriləcək 16-cı Universal Dövri İcmal (UDİ) sessiyasında Azərbaycanda insan haqlarının vəziyyətinin müzakirəsi ərəfəsində təqdim olunub.

Hesabatda UDİ-nin bu mövzuda ilk dövri hesabatından sonra Azərbaycan hökumətinin fəaliyyətinin nəticələri, o cümlədən qadın hüquqlarının müdafiəsi və təşviqi, məişət zorakılığına qarşı mübarizə, gender bərabərliyinin təmin olunması, ana və uşaq sağlamlığının mühafizəsi, ana ölümünün səviyyəsinin aşağı salınması, uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon Ermənistan tərəfindən işğal olunduğuna görə, Azərbaycan Respublikası insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hazırda həmin ərazilərdə təmin edə bilmir.

Azərbaycanla bağlı ilk hesabatın universal dövri icmalı aparıldıqdan keçən 4 il ərzində “Təhsil haqqında” (19 iyun, 2009-cu il), “Məişət zorakılığı ilə mübarizə haqqında” (22 iyun, 2010-cu il), “Məhkumların hüquq və azadlıqlarının təminatı haqqında” (22 may, 2012-ci il), "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında” (22 may, 2012-ci il) qanunlar qəbul olunub.

Azərbaycan bu dövrdə dörd beynəlxalq saziş və konvensiyalara da qoşulub. Sənəddə qeyd edilir ki, hökumət korrupsiyaya qarşı mübarizə və insan hüquq və azadlıqlarının təminatı və təşviqinin effektivliyini artırmaq tədbirlərini davam etdirir. Avropa Şurası Korrupsiya ilə mübarizə üzrə Dövlətlər Qrupunun tövsiyələrinə uyğun olaraq 2011-ci il iyunun 24-də qəbul olunmuş qanunla Cinayət Məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilib.

“Azərbaycan həmçinin açıq hökumət prinsiplərinin tətbiqi istiqamətində bir sıra tədbirlər görüb. Azərbaycan Respublikası effektiv idarəetmənin möhkəmləndirilməsinə dair bütün beynəlxalq təşəbbüslərə qoşulub. 2010-cu ildə ikinci “Elektron hökumət” proqramı qəbul olunub, “ASAN Xidmət” yaradılıb.

Söz və ifadə azadlığının təmin olunması məqsədilə hökumət müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər kütləvi informasiya vasitələrinin azadlığının təmin olunmasına, maliyyə-texniki bazasının yüksəldilməsinə yönəlib. Tədbirlər özündə kütləvi informasiya vasitələrinə tətbiq olunan vergilərin azaldılmasını, mətbuata maliyyə yardımlarının ayrılmasını, mətbuatın borclarının dövlət büdcəsi hesabına silinməsini, birbaşa maliyyə yardımlarını ehtiva edir.

Bütün hüquq pozuntuları, o cümlədən jurnalistlər və hüquq müdafiəçiləri ilə bağlı hüquq pozuntuları hərtərəfli araşdırılır, lazımi tədbirlər görülür, bu hüquq pozuntularına yol verənlər isə birmənalı şəkildə məhkəməyə verilir və müvafiq cəzalarını alırlar”.

Sənəddə Azərbaycanda din etiqad və vicdan azadlığının təminatı istiqamətində görülən işlərə də geniş yer verilib: “Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 730 dini icma dövlət qeydiyyatına alınıb ki, onlardan 34-ü qeyri-islam təmayüllü (22 xristian, 8 yəhudi, 1 buddist, 3 bəhai) dini icmalardır. Hazırda Azərbaycanda 1500-dən artıq məscid, 6 sinaqoq, 6 rus pravoslav kilsəsi, 1 katolik, 1 lüteran, 2 alban-udin, 4 gürcü pravoslav kilsəsi fəaliyyət göstərir”.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı da UDİ çərçivəsində Azərbaycanda insan haqlarına dair vəziyyətin müzakirəsi ərəfəsində ölkəmiz üçün tövsiyələr hazırlayıb. Sənəddə bərabərlik və ayrı-seçkiliyə yol verməmək, söz azadlığı, dini icmaların qeydiyyatı ilə bağlı tövsiyələr yer alıb, məhkumlar arasında ölüm və intihar hallarının mövcudluğundan narahatlıq ifadə edilib, məhkəmə orqanlarının müstəqilliyinin təmin olunmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, UDİ çərçivəsində Azərbaycanda insan haqlarının vəziyyəti aprelin 30-da müzakirə olunacaq. Mayın 2-də isə Azərbaycana dair müvafiq qətnamə qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR